UNEC-də Beynəlxalq Əlillər Günü qeyd edilib

02 DEKABR 2016 | OXUNUB:
710

Beynəlxalq Əlillər Günü münasibətilə “Təhsil hamı üçün” mövzusunda keçirilən konfransda çıxış edən UNEC-in Tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova ölkəmizdə əlillərə göstərilən diqqət və qayğıdan danışıb. UNEC-də də bu kateqoriyadan olan gənclərə qayğı ilə yanaşıldığını deyən S.Qəndilova universitetdə inkluziv təhsilə diqqətin artırıldığını və onlara keyfiyyətli təhsil vermək üçün bütün şəraitin yaradıldığını bildirib.

Beynəlxalq Əlaqələr Departamentinin direktoru Anar Kazımov  UNEC-də təhsil alan əlilliyi olan tələbələri müxtəlif mübadilə proqramlarında fəal iştirak etməyə dəvət edib və bununla bağlı universitet rəhbərliyi tərəfindən onlara bütün imkanların yaradılacağını qeyd edib.

Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli əlilliyi olan şəxslər üçün bərabər imkanların yaradılmasında vətəndaş cəmiyyətinin rolundan danışıb.

Daha sonra UNEC-də yeni yaradılan  “Əlilliyi olan Tələbələr üçün Mərkəz”in fəaliyyəti haqda məlumat verilib. Mərkəzin koordinatoru Sevinc Məhsimova bildirib ki, qurumun əsas məqsədi fiziki məhdudiyyətli gənclərə qayğı ilə yanaşmaq, onların ali təhsilə cəlb olunması və cəmiyyətə inteqrasiyası istiqamətində maarifləndirmə işlərini aparmaqdır.

Tədbirin sonunda iqtisadçı olmaq arzusunda olan əlilliyi olan hər bir gənc UNEC-də təhsil almağa dəvət edilib.

 

711 1