UNEC-də 2016-cı ilin 9 ayının sosial-iqtisadi yekunları müzakirə edilib

25 OKTYABR 2016 | VIEWS:
1184

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi seminar keçirilib. Seminarda UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun (İAETİ) iqtisadçı və tədqiqatçıları Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş iclasındakı çıxışından irəli gələn vəzifələri müzakirə edib.

İAETİ-nun direktoru, professor Yadulla Həsənli iştirakçılara 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları haqqında umumi məlumat verib.

UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi Elman İbişov ölkə başçısının çıxışından irəli gələn tapşırıq və tövsiyələrə xüsusi diqqət çəkərək, qeyd olunan müddətdə əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, qlobal iqtisadiyyatda cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara, Azərbaycanın yerləşdiyi regionda geosiyasi gərginliyin artmasına baxmayaraq, ötən ilin doqquz ayında da makroiqtisadi sabitlik təmin edilib, bu da respublikada sosial-iqtisadi sahədə həyata keçirilən siyasətin kifayət qədər praqmatik olduğunu və reallıqlara əsaslandığını bir daha sübut edib. Aparılan islahatlar dünyanın aparıcı iqtisadi mərkəzləri tərəfindən də yüksək qiymətləndirilərək Davos Dünya İqtisadi Forumunda Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünyada 37-ci yerə layiq görülüb.

Seminarda qarşıdakı dövr üçün ölkə Prezidenti tərəfindən müəyyənləşdirilən mühüm vəzifələrdən danışılıb, bu vəzifələrin əsas hədəfləri açıqlanıb. Bildirilib ki, neft ixracının azaldılması, qeyri-neft sektorunun inkişafı, ixracın artırılması və idxaldan asılılığın aradan qaldırılması əsas hədəflərdəndir. Bu sahədə sənaye və kənd təsərrüfatı əsas istiqamətlərdir. Kənd təsərrüfatı sahəsində pambıqçılıq, taxılçılıq, baramaçılıq, üzümçülük və digər sahələrin inkişafının prioritet istiqamətlər olduğu göstərilərək, bu sahələrin dərindən öyrənilməsinə ehtiyac duyulduğu vurğulanıb.

Müzakirələrlə davam edən seminarda iqtisadçılar ölkə iqtisadiyyatının mövcud durumu və meylləri haqqında danışaraq təkliflərini səsləndiriblər.

1185 1