UNEC-də yeni layihə: “İxtisasçı mütəxəssislərlə görüş”

31 OKTYABR 2017 | OXUNUB:
1046

UNEC-də “İxtisasçı mütəxəssislərlə görüş” adlı yeni layihəyə start verilib.

Biznes və menecment fakültəsində həyata keçirilən layihə çərçivəsində ixtisasçı mütəxəssislərlə tələbələrin mütəmadi görüşləri keçiriləcək.

İlk görüşdə fakültə dekanı, dosent Mirağa Əhmədov layihənin önəmindən söz açaraq bildirib ki, “İxtisasçı mütəxəssislərlə görüş” lərin məqsədi tələbələrdə öz ixtisaslarına qarşı motivasiya yaratmaqdır.

Oktyabrın 31-də keçirilən görüşün qonağı “YELLO” reklam agentliyinin təsisçisi Namiq Bayramov olub. O, tələbələr qarşısında “İstehlakçı davranışının modelləşdirilməsi” mövzusu ilə çıxış edib. N.Bayramov istehlakçı davranışının genişləndirilmiş modelinin praktikada tətbiqinin əhəmiyyətindən bəhs edib. Bildirib ki, bu modelin tətbiqi istər yerli, istərsə də xarici bazarlarda alıcılıq qabilliyətini artırır, təkrar istehsal prosesini sürətləndirir və müəssisənin rentabelli işləməsinə gətirib çıxarır. Modelin tətbiqi göstərir ki, Azərbaycanda biznes infrastrukturunun sürətli inkişafının əsas səbəblərindən biri də məhz yerli istehsala istehlakçıların müsbət cavab reaksiyasıdır.

Marketinq kafedrasının müdiri, professor Telman İmanov dərsdən kənar saatlarda daha çox praktik görüşlərin keçirilməsinin önəmini qeyd edərək, belə tədbirlərin gələcək marketoloqların yaxşı kadr kimi hazırlanmasına öz töhfəsini verəcəyini bildirib.

1047 1