UNEC-in fiziki məhdudiyyətli tələbələrlə iş sahəsində fəaliyyəti yüksək qiymətləndirilib

17 MAY 2017 | OXUNUB:
307

UNEC Xəzər Universitetinin koordinatoru olduğu “Əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” TEMPUS (ESFIDIP) adlı layihəsində tərəfdaş qismində çıxış edib.

Layihə çərçivəsində Xəzər Universitetində “Əlilliyi olan tələbələr üçün Azərbaycanın ali təhsil müəssisələrində bərabər imkanlar” adlı beynəlxalq konfrans keçirilib. İki gün davam edən konfransda UNEC-in Əlilliyi olan tələbələr üçün Mərkəzinin koordinatoru Sevinc Məhsimova və ESFİDİP layihəsinin koordinatoru, Beynəlxalq əməkdaşlıq departamentinin mütəxəssisi Gülşən Vəliyeva iştirak edib. UNEC nümayəndələri universitetdə yaradılan mərkəzin fəaliyyəti barədə ətraflı məlumat veriblər. Görülən işlərdən söz açaraq, növbəti illərdə həyata keçiriləcək layihələrdən bəhs ediblər. Layihənin tərəfdaşları UNEC-in fiziki məhdudiyyətli tələbələrlə iş sahəsində fəaliyyətini yüksək qiymətləndiriblər.

Səhhətindəki ciddi problemlə əlaqədar olaraq konfransda şəxsən iştirak edə bilməyən 1-ci qrup əlil, UNEC-in IV kurs tələbəsi Orxan Adıgözəl tədbirə skayp vasitəsi ilə qoşularaq, layihənin həyata keçirilməsindəki nailiyyətlərdən danışıb. Əlilliyi olan tələbələrin təhsilə olan marağından söz açıb.

Görüşdə yerli tərəfdaş universitetlərin nail olduğu nəticələr və gələcək fəaliyyət planları geniş müzakirə olunub.

Konfransda layihənin Avropa tərəfdaşları olan Makedoniya Universiteti, Polşanın LODZ Universiteti, Avstriyanın GRAZ Universitetinin nümayəndələri, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Xəzər Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Naxçıvan Dövlət Universitetinin nümayəndələri də iştirak edib.

308 2