UNEC-in gənc müəllimləri and içdi

06 NOYABR 2015 | OXUNUB:
3367

Noyabrın 6-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ilk dəfə işə qəbul edilən gənc müəllimlərin andiçmə mərasimi keçirilib.

Universitetin rektoru, professor Ədalət Muradov bildirib ki, bu gün Azərbaycan təhsil sistemində ali təhsil müəssisələri arasında ilk dəfə olaraq UNEC-də Təhsil Nazirliyinin “Müəllimlərin etik davranış qaydaları”nın imzalanması mərasimi keçirilir. Müəllimlərin andiçməsinin düzgün qərar olduğunu vurğulayan rektor əlavə edib ki, müəllim Azərbaycan Respublikasının qanunları, öz vicdanı vətələbələr qarşısında məsuliyyət daşıyır. Müəllim cəmiyyət və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə yerinə yetirməyə borcludur. O, hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Bu gün UNEC-in müəllimlər ailəsinə 16 gəncqəbul edirik, deyən rektor qeyd edib ki, bu gənclərin müəllimlik nümunəsi olmasını arzulayırıq. Rektor həmçinin bildirib ki, UNEC-in arzuların universiteti olması üçün gənc müəllimlər öz üzərlərinə ağır və şərəfli vəzifəni götürürlər.Rektor gənc müəllimlərin bu müqəddəs vəzifəni layiqincə yerinə yetirəcəklərinə inandığını vurğulayıb.

Ötən il UNEC-ə 121 gənc müəllimin cəlb edildiyini bildirən Ə.Muradov yeni tədris ilində bu rəqəmin 20-yə yaxın olduğunu vurğulayıb. Bu gün UNEC-in ilk dəfə işə qəbul edilən 16 gənc müəllimi and içir və biz əminik ki, onlar peşəkar müəllim heyətimizin təcrübəsindən bəhrələnərək, qarşımıza qoyduğumuz hədəflərə çatmaqda əllərindən gələni edəcəklər.

Təhsil naziri Mikayıl Cabbarovun and içən müəllimlərə təbrikini Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov çatdırıb. Bildirib ki, ölkədə ilk dəfə həyata keçirilən müəllimlərin işə başlayarkən andiçməsininUNEC-də baş tutması təsadüfi deyil. S.Gözəlov Qafqazın ən böyük iqtisadyönümlü ali təhsil ocağı olan universitetin bu gənc müəllimlər sayəsində dünya səviyyəli bir universitetə çevriləcəyinə inandığını bildirib. Müəllimlərə pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.

UNEC-in professoru Marifə Hacıyeva bu tədbirin müəllimə qarşı etimadın artmasında rol oynayacağını bildirib. Azərbaycanın ilk and içən gənc müəllimlərini təbrik edən M.Hacıyeva təklif edib ki, müəllimlərin andiçməsi zamanla bütün müəllimlərə şamil edilsin.

Sonra Azərbaycan Respublikasının dövlət himni səslənib. Gənc müəllimlər dövlət bayragı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basaraq, təntənəli surətdə and içib, andiçmənin yazılı mətnini imzalayıblar. Andiçmənin mətni müəllimin şəxsi imzası ilə onun şəxsi işində saxlanılacaq.

 

3368 1