Rektor Ədalət Muradov: “Məqsədimiz UNEC-ə daha savadlı abituriyentləri cəlb etməkdir”

22 OKTYABR 2015 | OXUNUB:
820

Azərbaycan  Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Beynəlxalq İqtisadi Münasibətlər fakultəsinin 1-ci kurs tələbələri ilə görüş keçirib.

UNEC-də qarşıya qoyulan hədəflərdən danışan rektor  tələbələrə keyfiyyətli və əmək bazarının tələblərinə cavab verən biliklər verməyin prioritet olduğunu bildirib. Bu məqsədlə aparılan islahatlara diqqət çəkən universitet rəhbəri  UNEC-də keyfiyyətli tədris verə biləcək müəllim potensialını artırmağın yollarından danışıb. Qeyd edib ki,  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq xaricdə təhsil alan kadrların UNEC-ə cəlb edilməsində maraqlıyıq. Artıq universitetimizə 121  müəllim cəlb etmişik. Onlardan 68-i Amerika, Avropa və Kanadada təhsil alan gənclərimizdir. UNEC-də həyata keçirilən ”Gənc müəllimlər” layihəsinə uyğun olaraq 117 nəfər gənc seçilib. Universitetimizdə həmçinin “Gənc professor” layihəsi reallaşdırılır. Layihənin məqsədi professor olmaq niyyətində olan gəncləri stimullaşdırmaqdır.

Hədəflərimizdən öndə duran məsələlərdən biri də UNEC-ə daha savadlı abituriyentləri cəlb etməkdir – deyən Ə.Muradov bunun üçün universitetin planlarını açıqlayıb. Bildirib ki, paytaxtda yerləşən orta məktəblərə səfərlər edilərək, şagirdlər UNEC haqda məlumatlandırılıb. Bu proses yenə davam etdiriləcək. Ölkəmizin ən tanınmış orta məktəblərinə səfərlərin keçirilməsi nəzərdə tutulub.

Bütün bu imkanların tələbələr üçün yaradıldığını deyən rektor gənclərə  universiteti müvəfəqiyyətlə başa vurmağı tövsiyə edib. UNEC-də dərsə davamiyyətin qaneedici olmadığını bildirən Ə.Muradov tələbələri daha məsuliyyətli olmağa çağırıb.

Tələbələr onları narahat edən məsələlərlə bağlı rektora suallarını ünvanlayıblar.

Qeyd edək ki, yeni tədris ilində Beynəlxalq İqtisadi Münasibətlər fakultəsinə 333 tələbə qəbul olub.

821 1