UNEC tələbələrinə adlı təqaüdlər təqdim edilib

15 MART 2018 | VIEWS:
3385

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2017-2018-ci tədris ilinin qış imtahan sessiyasında uğur qazanan və həmkarlar ittifaqı fəalı olan tələbələrə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) adlı təqaüdünün verilməsi ilə bağlı tədbir keçirilib.

Tədbirdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ölkəmizdə elmin, təhsilin, idmanın və gənclərin inkişafına göstərilən dövlət qayğısından söz açıb, rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü 1995-ci ildə təsis olunub. Təqaüd qış və yay imtahan sessiyasının nəticələrinə görə əla və yaxşı qiymətlərlə oxuyan, həmkarlar ittifaqı fəalı olan tələbələrə verilir. Ölkəmizdə gənclərin inkişafı üçün geniş imkanların yaradıldığını söyləyən komitə sədri regionlarımızda bir sıra yeni idman obyektlərinin tikilib istifadəyə verildiyini söyləyib.

S.Möhbalıyev ATİAHİ Respublika Komitəsi tərəfindən keçirilən müsabiqələr, müxtəlif idman yarışları, intellektual oyunlar və digər tədbirlər barədə məlumat verib. O, rəhbərlik etdiyi qurumun məqsədinin gənclərin inkişafına, onların asudə vaxtlarının səmərəli təşkilinə diqqət və qayğı göstərməkdən ibarət olduğunu bildirib.

AHİK-in sədri S.Möhbalıyev adlı təqaüdə layiq görülən tələbələri təbrik edib, onlara təhsildə yeni uğurlar arzulayıb. Sonra tələbələrə adlı təqaüdlər təqdim edilib.

Təqaüd alanlar sırasında UNEC-in magistr və tələbələri də var. Onlar Nərgiz Tahirova (Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi), Aqşin Şirinov (Maliyyə və mühasibat fakültəsi), Samirə Əlizadə (Maliyyə və mühasibat fakültəsi), Nurlanə Muradova (SABAH Mərkəzi) və Hüseyn Quliyevdir (Biznes və menecment fakültəsi).

3386 1