Xərclərimizi necə tənzimləyək? – Diskussiya

17 OKTYABR 2016 | VIEWS:

KASPİ.AZ

Amerikalı siyasətçi və ixtiraçı Bencamin Franklin deyirdi: “Varlanmaq üçün iki şey lazımdır: işləmək və qənaət etmək…”
Təbii ki, pulun əhəmiyyətini heç kim inkar etmir. Hətta bir çoxları xoşbəxtliyi məhz varlanmaqda, pullu olmaqda görür. İqtisadçılar isə iddia edirlər ki, pul yalnız doğru xərcləndikdə xoşbəxtlik gətirə bilər. Bəs biz pulu düzgün xərcləyə bilirikmi? Ümumiyyətlə, xərclərimizi necə tənzimləyək?
Bu sualın cavabını Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi, Maliyyə və mühasibat fakültəsinin tələbələri ilə müzakirə etdik.

Qazanmaq çətindir, yoxsa xərcləmək?
Məmmədağa Məmmədov:

– Məncə, hər ikisinin özünə görə çətinliyi var. Qazanmağın çətinliyi odur ki, insan əziyyət çəkir. İşləyib qazanılan pul daha şirin, doğma olur. Xərcləmək də elə qazanmağa bərabərdir. Elə xərcləmək lazımdır ki, planlaşdırdığın bütün işlərə pul çatsın. Xərcləmək həm də qazanmaqdan asılıdır. Normal gəlir olduqda xərcləmək də asanlaşır. Bunlar bir-birinə bağlı məsələlərdir. Hər birinin çətinliyi özünə görədir.

Rəsul Məmmədağa ilə razılaşmır.
Rəsul Həsənzadə
– Məncə, pul qazanmaq çox asandır. Karyerası normal olan hər bir insan pul qazana bilər. Amma pulu düzgün xərcləyə bilməmək çox insanlarda maddi baxımdan eniş yaradır. Azərbaycanda ailələrdə qənaət etmək kimi düşüncə, demək olar ki, yoxdur və həmin pulu öz şəxsi inkişafına yatıranlar çox azdır. Məsələn, Azərbaycanda kiçik araşdırma aparılsa, bir çoxumuzun evində kitab rəfləri yoxdur. Çünki biz şəxsi inkişafımıza pul xərcləmirik. Bu da qazancımıza təsir edir. Əgər biz pulu şəxsi inkişafımıza xərcləsək, karyeramızı inkişaf etdirər və gələcəkdə daha yaxşı pullar qazanarıq.

Məmmədağa:
– Rəsulun fikrinə etiraz edirəm. Çünki pul qazanmaq çox çətindir. Şəxsi inkişafına pul xərcləyib karyera qursan belə, yenə də pul qazanmaq asan olmayacaq. Çünki karyeranı qoruyub saxlamaq üçün də pul lazımdır. Bunun üçün daim qazanmalısan. Bir dəfə belə bir məqalə oxudum ki, insan 60 yaşına qədər karyerasını yüksəldə bilər, 60 yaşdan sonra isə o karyeranı qaldırdığı yerdə davam etdirə bilər. Yəni bundan irəli gedə bilməz. Bu səbəbdən karyeranı qurduqdan sonra artıq insan bəlli bir yaşa gəlir, bəlli bir yaşa gəldikdən sonra onu idarə etmək çətin olur. Hər bir biznesin problemi olur. O problemi qarşılamaq, oradan mənfəət, gəlir əldə etmək o qədər də asan məsələ deyil. Karyera inkişaf etdikcə problem də artır, bu səbəbdən pul qazanmaqda çətinlik olur.  Bizdə gəlirlər az olduğu üçün insanlar ən birinci öz qazancını, dolanışığını düşünür. Sonradan şəxsi inkişafa istiqamətlənir. Əlbəttə, şəxsi inkişaf birinci olmalıdır, amma insanların gəliri çox olsa…

Rasim Bağırlı:
– Qazanmağın asan və ya çətin olması, məncə, yaşla bağlıdır. Hamımız cavan olduğumuz üçün müəyyən bir yaşa kimi bizə qazanmaq çətin gələcək. O ki qaldı xərcləməyə… Bizim həyatda istəklərimiz və ehtiyaclarımız olur. Məsələn su, çörək, yemək kimi xərclər bizim məcburiyyətimizdir, yəni bunlar ehtiyacdır. Biz əgər bunları planlı qursaq, oradan əldə etdiyimiz gəliri şəxsi inkişafa yönəldə bilərik. Amma istəklərimiz buna mane olur. Yaxşı maşın, geyim, telefon… Bunlarsa bizim istəyimizdir, ehtiyacımız deyil. Çünki maşınsız, telefonsuz yaşamaq mümkündür. Bunlardan planlı şəkildə istifadə etməklə həm karyera qura, həm də gələcək həyatımızı yaxşılaşdıra bilərik.

Əşrəf Hüseynov:
– Məncə, düzgün xərcləmək qazanmaqdan da önəmlidir. İnsan bəzi qazanclarını xərclərlə təmin edir. Çünki sən bəzi şeyləri xərcləməlisən ki, nə isə qazana biləsən. Bu, teoremdir. Bir şey əldə etmək üçün özündən də nə isə verməlisən. Bunları düzgün balanslaşdırmaq lazımdır. Əsasən də gənc olanda buna fikir vermək lazımdır ki, gələcəkdə normal gəlirin olsun.

Rasim Bağırlı:

– Əşrəflə razıyam. Bu, iqtisadiyyatın qanunudur. Biz özümüzdən verməsək, ala bilmərik. Məsələn, hamımız universitetdə oxuyuruq. Bu müddətdə yol pulu, yemək pulu, kitablara xərc çəkirik. Amma 4 il ərzində biz işləyə də bilərdik. Evdən pul almazdıq, hətta evə də pul verə bilərdik. Biz burada xərclərimizi tənzimlədiyimiz üçün fikirləşirik ki, tam universitetə fokuslanaq, özümüzü inkişaf etdirək,  bitirdikdən sonra yaxşı maaşlı iş tapaq və 4 il xərclədiyimizi qaytaraq. Biri var 4 ildə aşağı maaşla işləyib pul qazanasan, dərslərdən yayınasan, biri də var ki, maksimum şəxsi inkişafına pul xərcləyib gəlirli işdə çalışasan. Bu da xərclərin tənzimlənməsinin bir növüdür.

 Məmmədağa Məmmədov:
– Məncə, xərclər gəlirdən asılıdır. Gəlirin normal olsa, xərcin də düzgün tənzimlənəcək. Məsələn, mən bir müəssisədə işləyirəm. 400-500 manat əmək haqqı alıram və ailə saxlayıram. Pulumu bərabər bölməli və əlavə də pul yığmalıyam. Amma xərclərim çox olduğu üçün arxaya pul ata bilmirəm. Bu baxımdan xərcləmək üçün qazancın olmalıdır. Qazanmaq xərcləməkdən çətindir.

Ramazan Mirzəyev:
– Əvvəlcə qazanmağın yolunu öyrənməliyik. Sən qazanmağı bacarmırsansa, onu xərcləməyi də bacarmayacaqsan. Birinci növbədə insanlar qazanmağın effektiv yollarını tapmalıdır. Bu zaman xərc özü-özünü tənzimləyəcək.

Baba Babışov:
– Yaxşı iqtisadçı və ya ağıllı insan üçün xərcləmək də, qazanmaq da çətin deyil. Sadəcə, ikisinin də öz yolu var və bunu düzgün tənzimləmək lazımdır. 500 manat maaş alıb aylıq 800 manat xərcləmək, təbii ki, düzgün deyil. Amma 500 manat maaş alır, 1200 manat xərci çıxır. Ümumiyyətlə, bu, türklərin xüsusiyyətidir. Hələ də mütəxəssislər türklərin bunu necə bacardığını anlaya bilmirlər. (Gülürlər – A.Ə.)

Rəsul Həsənzadə:
– Bizim psixologiyamızda nəinki müstəqil olduğumuz dövrdə, əzəldən də bu, belə olub. İnsanlar istirahətə pul ayırmırlar. Son dövrlərdə toya pul atmaq üçün bankdan kredit götürürlər.

Baba Babışov:
– Toy özü də biznesdir. Verdiyini geri alırsan. Toyuna çağırdığının toyuna getmədikdə əlində boşqab qapını döyür ki, “al, bu sənin yeməyin, mənim pulumu ver”.

Əşrəf Hüseynov:

– Avropada insanlarda investisiya qoymağa həvəs var. Pul yığırlar və bunu gələcəkdə daha çox pula çevirirlər. Biz əlimizə pul keçən kimi onu xərcləməyi düşünürük. Amma onlar pulu artırmaq yollarını fikirləşirlər. Artıq olanda xərcləyirlər. Məsələn, min manatı iki min manat edəndən sonra özlərinə bahalı telefon alırlar. Daha bizim kimi borc edib bahalı telefon işlətmirlər.

Məmmədağa Məmmədov:

– Avropalının gəliri çox olduğu üçün investisiya qoyur. Biz 500 manat qazanıb 700 manat xərcləyirik. Necə investisiya qoyaq?!

Rasim Bağırlı:

– Məmmədağa ilə razılaşmıram. Bizim millət xərcləri düzgün tənzimləyə bilmir. Tənzimləmək anlayışı yoxdur və gələcək haqqında heç nə fikirləşmir. Qazancla xərc arasında əlaqə var. Məmmədağa bildirir ki, 500 manat gəliri var, qırağa ata bilmir. 700 manat xərci olur, 200 manat borc edir. Bunun 1500 manat gəliri olsa belə, o gəlirə görə xərcini 2000 manat edəcək. Qazanca görə xərci tənzimləyə bilmirik. Heç kim anadan olanda bir milyonla olmur ki, onu iki milyon etsin. İnvestisiyalar xırda pullarla qoyulur. Məncə, xırda pullarla xərcləri minimuma endirməklə nəsə bir şey edə bilərik. Bizdə problem odur ki, ehtiyaclarımızı ödəmək əvəzinə istəklərimizə fokuslanırıq. Telefona verdiyimiz pulla kursa gedib özümüzü inkişaf etdirə bilərik. Yaxud paltarı daha ucuz ala bilərik. Universitetdə oxuduğumuz 4 il həyatımızın elə də böyük hissəsi deyil. Amma biz əlimizə pul keçən kimi əsas istəklərimizi fikirləşirik. Lüks həyat olsun, daha bahalı telefon, daha bahalı paltar. Pulumuzu belə xərcldiyimiz üçün ortada heç nə qalmır. Xərclərimizi düzgün tənzimləməliyik.

Mənasız xərclərimiz…
Məmmədağa:

5 gün əylənmək əvəzinə 2 gün əylənə bilərik. 3 gün xərclədiyimiz  mənasız xərcdir. Vaxtımızı daha yaxşı dəyərləndirə bilərik və pulumuz da cibimizdə qalar.

Əşrəf:
– Hər bir gənc gününü planlaşdırmalıdır. Bizdə plan yoxdur. Düzdür, biz həyata ancaq oxumaq və əziyyət çəkmək üçün gəlməmişik, həyatdan həzz də almaq lazımdır. Amma vaxtı düzgün bölüşdürmək önəmlidir.

Gənclər xərclərini necə tənzimləsinlər?
Rəsul Həsənzadə:

– Universitetimizin 90 faizi demək olar, siqaret çəkir. Aya ən azı 60-70 manat siqaretə gedir. Hamı da da deyir ki, pulum yoxdur. Amma çayçılara da, internet klublarda oyunlara da pul xərcləyirlər. Belə xərcləri azaltmalıyıq.

Məmmədağa:
– Gənclər özünüinkişafa pul xərcləməlidir ki, gələcəkdə o xərclər geri qayıtsın. İnsana əyləncə də lazımdır, gəzmək də… Amma hər şey normasında olmalıdır.

Rasim Bağırlı:
– Geriyə dönüb baxmalıyıq. Dünən nəyə pul xərclədik? Bu zaman boşluğu görə biləcəyik. Həftəlik plan qurulmalıdır ki, bu həftə pulu nələrə xərcləyəcəm? O zaman hər şey axarında gedəcək.

Əşrəf Hüseynov:

– İnsanlar üçün ən dəyərli amil itirilən vaxtdır. Mənə elə gəlir ki, vaxtı düzgün xərcləməlidirlər. Vaxtın özü ən böyük xərcdir. Vaxtı düzgün xərcləyin.
Aygün ƏZİZ

 

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Twitch viewer bot - vozol - Betosfer - instagram video downloader - aviator oyna - gizli hesap görme - ton sniper bot - omegle - marsbahis