İqtisadiyyat fakültəsində interaktiv metodlara əsaslanan rus dili dərsi keçirilib. İnteraktiv dərs “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu və Arxeoloji-Etnoqrafik Muzey Kompleksində təşkil olunub. UNEC-in iqtisadiyyat və ekologiya ixtisası üzrə təhsil alan I kurs tələbələri burada bələdçi və turist qrupuna bölünüb. “Bələdçi” tələbələr “turistlərə” tarixi-mədəni abidələr və milli irs nümunələri haqqında rus dilində ətraflı məlumat veriblər.
Tələbələrə rus dilinin interaktiv üsulla tədrisinin məqsədi onların xarici dil baryerlərini aradan qaldırmaq və fənnin tədrisinin keyfiyyətinin yüksəldilməsidir.
Dərsi “Rus dili” kafedrasının müəllimləri Suad Babayeva, Sevinc Qayıbova və Aynur Musayeva keçiblər. Tələbələri dərs zamanı İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev və “Rus dili” kafedrasının müdiri, dosent Gülnarə Rzayeva müşayiət edib.
“Rus dili” fənninin interaktiv tədrisi UNEC-in Həmkarlar İttifaqı Komitəsinin dəstəyi və İqtisadiyyat fakültəsi Həmkarlar İttifaqı Komitəsinin sədri Elşən Məmmədovun təşkilatçılığı ilə keçirilib.