Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı müvəqqəti işlər üzrə vəkili Abbes Benmoussat UNEC-in növbəti qonağı olub.
UNEC tələbələri ilə görüşdə Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Anar Kazımov bildirib ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub və İslam dininin yayılmasında, eyni zamanda, müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayıb. Bu gün də demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik-dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilib.
Abbes Benmoussatla görüşün Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı – İnqilab Gününə təsadüf etməsindən qürur duyduğunu bildirən A.Kazımov əlcəzairli diplomata UNEC-in rektoru, professor Ə.Muradovun və universitet kollektivinin təbriklərini çatdırıb.
Əlcəzairin İnqilab Gününündə UNEC-in tələbə və müəllim heyəti arasında olmaqdan məmnunluğunu ifadə edən Abbes Benmoussat hər iki ölkənin dostluq münasibətlərindən, elm, təhsil və mədəniyyət sahəsindəki əlaqələrindən danışıb. Bu əlaqələrin daha da genişləndirilməsinin, təhsil və elm müəssisələri arasında ikitərəfli əməkdaşlığın qurulmasının əhəmiyyətini vurğulayıb.
Görüşdə diplomat təmsil etdiyi ölkənin tarixi, mədəniyyəti, təbiəti, iqtisadiyyatı və təhsili haqqında tələblərə geniş məlumat verib. UNEC tələbələrinin Əlcəzairin ali təhsil sistemi, mübadilə şərtləri, dini tolerantlığı, turizm imkanları ilə bağlı suallarını cavablandırıb.