Tədbirdə kollecin direktoru, dosent Oruc Məmmədov Xocalı faciəsinin başvermə səbəbləri barədə fikirlərini bölüşüb, bu soyqırımın “böyük Ermənistan” xülyasında olan ermənilərin türk-müsəlman xalqlarına qarşı nifrətinin tərkib hissəsi olduğunu tarixi faktlarla əsaslandırıb.
“Xocalı soyqırımı hüquqi-siyasi müstəvidə” mövzusunda çıxış edən Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov bu faciənin dünyaya tanıtdırılmasının Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. O, həmçinin bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət!” kampaniyası çərçivəsində gördükləri işlərdən və əldə edilən nəticələrdən danışıb.
Binəqədi rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev “Müasir Azərbaycan gəncliyi və soyqırımı həqiqətləri” mövzusunda mühazirə oxuyub. Sonda Xocalı soyqırımı ilə bağlı videoçarx və tələbələrin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.