Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Sumqayıt Dövlət Universitetinin (SDU) və Azərbycan Dövlət İqtisad Universitetinin (UNEC) həmsədrliyi ilə beynəlxalq elmi konfrans keçirilib.
“İqtisadiyyatın davamlı inkişafı: problemlər, perspektivlər” mövzusunda keçirilən konfransa SDU ev sahibliyi edib.
Konfransda Azərbaycan universitetləri ilə yanaşı, Rusiya, Türkiyə və digər ölkələrin aparıcı universitetlərinin alimləri o cümlədən, “Azərkimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev də iştirak edib.
Konfrans çərçivəsində UNEC-lə SDU arasında əməkdaşlıq memorandumu imzalanıb.
UNEC rektoru, professor Ədalət Muradov konfransın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkənin müstəqil və güclü iqtisadi siyasəti formalaşdı. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil edir.
Təhsilin, insan kapitalının ölkənin inkişafında rolunu vurğulayan Ə.Muradov ali təhsil müəssisələrinin qarşısında duran hədəfin məhz savadlı və təcrübəli mütəxəssislər hazırlamaq olduğunu qeyd edib. Rektor bildirib ki, UNEC-də dünyanın bir çox ali təhsil müəssisələri ilə müəllim-tələbə mobilliyi, ikili diplomların verilməsi istiqamətində uğurlu işlər aparılır. SDU ilə imzalanan əməkdaşlıq memorandumu da hər iki universitetin tələbələrinin ixtisaslı kadr kimi yetişməsində mühüm rol oynayacaq. Belə konfransların keçirilməsi gələcək iqtisadçıların yetişməsində öz bəhrəsini verəcək.
SDU-nun rektoru, professor Elxan Hüseynov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə iqtisadi sahələrə xüsusi diqqət ayırıb, onun bilavasitə rəhbərliyi və nəzarəti ilə aparılan uğurlu siyasət bu gün də öz müsbət nəticəsini verir. Bu gün özünəməxsus milli inkişaf modeli ilə tanınan Azərbaycan inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır və yeni-yeni uğurlara imza atır.
Elmin, təhsilin inkişafına dair birgə əməkdaşlığın qarşılıqlı faydalarından danışan rektor beynəlxalq konfransın işində uğurlar arzulayıb.
Konfransın keçirilməsinin əhəmiyyətini diqqətə çatdıran iştirakçılar müzakirə etdikləri problemlərin aktual olduğunu bildiriblər.
Konfrans öz işini iki gün bölmə iclaslarında davam etdirəcək.