Sentyabrın 16-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) differensial əmək haqqı sisteminin 2015/16-cı tədris ili üzrə nəticələri ictimaiyyət nümayəndələrinə açıqlanıb.
UNEC-in rektoru, professor Ədalət Muradov differensial əmək haqqı sistemi barədə məlumat verib. Bildirib ki, ABŞ, Avropa, Türkiyə və Rusiya universitetlərinin təcrübəsinə əsaslanan sistem UNEC-də ilk dəfə ötən tədris ilindən tətbiq olunur. Sistemin tətbiqi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilir. Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçən sistem, UNEC-in mülkiyyətidir: “Müraciət olunduğu təqdirdə sistemi digər ali təhsil müəssisələrində də qurmağa hazırıq”.
Rektor bildirib ki, əmək haqlarına differensial əlavələrin edilməsində məqsəd pedaqoji heyətin motivasiyasını təmin etmək və müəllimlər arasında rəqabət mühitini gücləndirməkdir. Heyətin xidməti fəaliyyətinin qiymətləndirilməsi onların universitetdəki elm, tədris və özünüinkişaf fəaliyyət istiqamətləri üzrə həyata keçirilib. Ə.Muradovhər tədris ilində – sentyabrın 1-dən iyunun 30-dək toplanan ballara əsasən, müəllimlərin əmək haqlarına əlavələr olunacağını vurğulayıb. Əlavələr mövcud əmək haqqının 1,2 – 2 misli qədər nəzərdə tutulub. İlk onluğa daxil olan müəllimlərin əmək haqqı 2 dəfə, 11-30-cu yerləri tutan müəllimlərin əmək haqqı 1,7 dəfə, 31-60-cı yerləri tutan müəllimlərin əmək haqqı 1,5 dəfə,61-100-cü yerləri tutan müəllimlərin əmək haqqı isə 1,3 dəfə artırılacaq.
UNEC-də yeniliklərin davam etdiriləcəyini vurğulayan rektor yeni tədris ilində həyata keçiriləcək layihələrdən də söz açıb: “Bu il tədrisin keyfiyyəti ilə birbaşa bağlı olan üç layihəyə start vermişik: “Lider müəllim-Lider universitet” layihəsi 10 nominasiya üzrə UNEC-in 10 lider müəllimini müəyyən edəcək.“Tədrisin keyfiyyəti tələbələrin gözü ilə” layihəsində tələbələrin fikirlərinə üstünlük veriləcək. Üçüncü layihəmizə əsasən isə, 2016/17-ci il tədris ilində UNEC-in dərs prosesi valideynlərin üzünə açıq olacaq”.
Differensial əmək haqqı sisteminin işləmə mexanizmini UNEC-in professor-müəllim heyətinin Xidməti Fəaliyyətini Qiymətləndirmə üzrə Daimi Komissiyasının sədr müavini Elşən Bağırzadə təqdim edib. Bildirib ki, pedaqoji heyət il ərzində xidməti fəaliyyətin qiymətləndirilməsi məqsədilə bütün zəruri məlumatı xüsusi proqram təminatı vasitəsilə sistemə daxil edib. Məlumatları professor-müəllim heyətinin Xidməti Fəaliyyətini Qiymətləndirmə üzrə Daimi Komissiya təhlil edib. Hər müəllim müəyyən bir kafedra və fakültəni təmsil etdiyindən, sistem onların illik xidməti fəaliyyət ballarına uyğun olaraq, UNEC üzrə kafedra və fakültələrin də reytinq siyahılarını hazırlayıb. Sistem 3 istiqamət və 12 kriteriya üzrə 100-dən çox elmi-pedaqoji fəaliyyət əsasında hər bir müəllim üçün “illik xidməti fəaliyyət balı”hesablayıb. Müəllimlərin “illik xidməti fəaliyyət bal”ları ən yüksəkdən ən aşağıya doğru sıralanıb. E.Bağırzadə bildirib ki, “illik xidməti fəaliyyət balı”universitet orta göstəricisinin 50%-dən aşağı olan müəllimlərin fəaliyyəti “qeyri-qənaətbəxş” hesab ediləcək.
Sonra online rejimdə differensial əmək haqqı sisteminin nəticələri açıqlanıb. Sistemdə statistik göstəricilər üzrə müəllimlərin ilk yüzlüyü, fakültə və kafedraların reytinq siyahısı yer alıb. Müəllimlərin reytinq siyahısına İqtisadiyyat və işlətmə kafedrasının müəllimi Nazim Cəfərov liderlik edib. Fakültələrin reytinqində Türk Dünyası İşlətmə, kafedralardan isə İqtisadiyyat və işlətmə kafedrası birinci yerdə qərarlaşıb.
Tədbirdə iştirak edən ictimaiyyət nümayəndələri professor-müəllim heyəti arasında sağlam rəqabət mühitinin formalaşması və stimullaşdırılmasındasistemin tətbiqini müsbət qiymətləndiriblər.