Dekabrın 22-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “600+” Tələbə klubunun təsis iclası keçirilib. Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Anar Rzayev bildirib ki, klubun məqsədi UNEC-ə 600 və daha yüksək balla qəbul olan tələbələri bir araya toplayaraq, onların potensialını dəyərləndirməkdir. Klub üzvləri UNEC-in elmi, ictimai və sosial həyatında fəal iştirak edəcək, tələbə həyatına yönəlik layihə və proqramlar hazırlayacaqlar. Eyni zamanda, intellektual-əyləncəli tədbirlər keçirəcəklər. “600+” Tələbə klubu UNEC-i yerli və beynəlxalq səviyyəli konfrans, müsabiqə və olimpiadalarda təmsil edəcəklər. Bundan başqa, klub üzvləri tələbə-mentorlarla fikir mübadiləsi aparacaq, tələbələr arasında təhsil kultunun yüksəldilməsinə və uğurlu tələbə obrazının təbliğinə yönəlik tədbirlər həyata keçirəcəklər.
İclasda “600+” Tələbə klubunun əsasnaməsi təsdiq edilib. Sonra isə səsvermə ilə İdarə Heyətinin üzvləri seçilib. “600+” Tələbə klubunun əsasnaməsinə əsasən, İdarə Heyəti üzvlərinin sayı fakültələrinin sayına bərabər olmalıdır. Hər hansı fakültədə müvafiq bal toplayan tələbə olmadıqda, bu yerlər digər fakültələrə verilir. Buna görə də İdarə Heyətinin 12 üzvündən 1 tələbə İqtisadiyyat, 1 tələbə Türk Dünyası İşlətmə fakültəsinin tələbəsidir. 10 tələbə isə Beynəlxalq İqtisadiyyat Məktəbində təhsil alır.
Bildirilib ki, yaxın günlərdə İdarə Heyətinin üzvlərinin ilk toplantısı keçiriləcək. Toplantıda “600+” Tələbə klubunun sədri seçiləcək. Əsasnaməyə uyğun olaraq, sədr iki il müddətinə və gizli səsvermə yolu ilə seçiləcək.