Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “I Universitetlərarası Ana dili“ müsabiqəsi keçirilib. Dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr edilən müsabiqə İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyi və UNEC Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Tədbirin məqsədi milli sərvətimiz olan ana dilinin təbliğinə, onun gənclərə sevdirilməsinə və gələcək nəsillərə çatdırılmasına xidmət etməkdir.
UNEC-in tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova savadlı, bacarıqlı iqtisadçı kadrlar hazırlayan universitetin mədəni tədbirlərə də önəm verdiyini bildirərək, gələcəkdə belə yarışlara xüsusi yer ayrılacağını deyib.
İqtisadçı Tələbələrə Dəstək İB-nin sədri, UNEC tələbəsi Səməd Rzazadə isə müsabiqənin tələbə həmrəyliyinə xidmət edəcəyini qeyd edib.
Münsiflər heyəti – xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artist Zaur Əmiraslanov, filolologiya elmləri doktoru, professor Zahid Xəlil, yazıçı-ssenarist Vüsal Nuru və “Azəri Star” layihəsinin laureatı Aygül Məmmədova UNEC-də reallaşdırılan layihənin müxtəlif ixtisas sahibləri olacaq tələbələrin yaradıcılıq qabiliyyətlərinin də üzə çıxarılmasında mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıblar.
Nəhayət, 17 universitetin tələbələri şeir və mahnı kateqoriyaları üzrə bacarıqlarını sınayıblar. Gərgin keçən şeir müsabiqəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Ümman Budaqov I yerin qalibi olub. II yerə UNEC tələbəsi İqbal Bayramov, III yerə isə Sumqayıt Dövlət Universitetinin tələbəsi Əliyar Rəfiyev layiq görülüb.
Ən yaxşı mahnı ifaçısı isə UNEC tələbəsi, gənc vokalçı Aslan Əzimzadə seçilib. II yerə ADMİU tələbələri Azər Səlimov, Ağayar Xanlarov, Cahandar Xanlarov, III yerə isə Odlar Yurdu Universitetinin tələbəsi Ənvər Məmmədhəsənov layiq görülüb.
Qaliblər diplom və mükafatla təltif ediliblər.