UNEC-in Rus İqtisadiyyat Məktəbinin “Gənc diplomatlar” klubunda BMT-Azərbaycan əməkdaşlığının 25 illiyinə həsr olunan tədbir keçirilib.
Tədbirin moderatoru, Rus İqtisadiyyat Məktəbinin direktor müavini Anar Eyyubov Azərbaycanla BMT-nin əməkdaşlıq əlaqələrindən danışıb. Bildirib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da Birləşmiş Millətlər Təşkilatına üzv olmaq məqsədilə BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə müraciət edib. BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edilib. BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün – Azərbaycanın dövlət bayrağı qaldırılıb.
Tələbələr BMT-nin müxtəlif istiqamətlər üzrə fəaliyyəti barədə təqdimatla çıxış ediblər. BMT-nin 18 agentliyinin Azərbaycanda fəaliyyət göstərdiyini, sosial vəziyyəti aşağı olan insanlara yardım etdiklərini bildiriblər.
Rus İqtisadiyyat Məktəbinin əməkdaşı Vüsal Abasov BMT nəzdindəki iqtisadi qurumlar barədə ingilis dilində məruzə ilə çıxış edib. Eyni zamanda UNEC-də BMT gənclər modelinin uğurla fəaliyyət göstərdiyinı diqqətə çatdırıb.
Tədbirin sonunda Rus İqtisadiyyat Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov “Gənc diplomatlar” klubunun üzvlərini sosial tədbirlərdə aktiv və təşəbbüskar olmağa dəvət edib.