UNEC-də dünyaca məşhur “Science Slam” elm müsabiqəsi keçirilib.
UNEC-in bütün fakültələri arasında təşkil olunan müsabiqədə elmi araşdırmalarla maraqlanan, elmi sadə və fərqli üslubda təqdim etmək bacarığı olan tələbələr qatılıb. Müsabiqənin finalında Rusiya İqtisadiyyat Məktəbi, Türk Dünyası İşlətmə və İqtisadiyyat fakültələrinin tələbələri qalib olub. Qaliblərin təəssüratlarını təqdim edirik:
I yerin qalibi Aysel Abbasova, Rus İqtisadiyyat Məktəbinin tələbəsi
UNEC-də Sciense Slam elmi müsabiqəsinin təşkil olunacağını eşitdim. Elmi araşdırmalara böyük həvəsim olduğundan, həm də müsabiqənin “standup” formatında keçiriləcəyini biləndə çox sevindim. Hansı mövzunu seçəcəyimi fikirləşəndə isə offşor zonalarla bağlı sevdiyim bir filmi xatırladım. Fikirləşdim ki, niyə də bu mövzu olmasın?
Mövzumda iqtisadi və offşor zonaları birləşdirib, onları təhlil etmək qərarına gəldim. Məqsədim tələbələri offşor və azad iqtisadi zonalar barədə məlumatlandırmaq idi. Ümid edirəm ki, gələcəkdə onlar sahibkar olduqları zaman sərmayələrinə yatırım etdiklərində mənim təqdimatım onlar üçün faydalı olacaq.
Qalib olduğuma gəldikdə isə öncə fakültədaxili müsabiqədə qalib seçilib, finala vəsiqə qazandım. Təbii ki, qalib olmaq istəyirdim, amma birinci yeri qazanacağıma inanmırdım, çünki rəqabətin çox güclü olduğunu bilirdim. I yer mənim üçün gözlənilməz oldu. Ölkədə ilk dəfə keçirilən belə nüfuzlu bir konfransda Rus İqtisadiyyat Məktəbinin adını birinci etdiyim üçün çox xoşbəxtəm. Universitetin rektoru Ədalət Muradova, bu möhtəşəm layihənin təşkilatçılarına təşəkkür edirəm. Əminəm ki, belə layihələr UNEC-də tez-tez təşkil olunacaq, biz də böyük həvəslə iştirak edəcəyik. Rus İqtisadiyyat Məktəbinin dekanı Mansur Barxudarova, təqdimatımın hazırlanmasında mənə istiqamət verən müəlliməm Leyla Məmmədovaya və bütün tələbə yoldaşlarıma göstərdikləri dəstəyə görə minnətdarlığımı bildirirəm.
II yerin sahibi Məmməd Məmmədli, Türk Dünyası İşlətmə fakültəsi
Science Slam barədə ümumi olaraq məlumatım var idi. UNEC-də keçirilməsi bizim üçün böyük şans oldu. Fakültə müsabiqəsində tələbələrin sosial və iqtisadi problemləri mövzusu ilə çıxış etdim və qalib oldum. Universitetdaxili müsabiqədə isə turizm ixtisası üzrə təhsil aldığım üçün “Turizmdə problemlər” mövzusunu seçdim. Araşdırmalar apardım, turistlərdən ölkənin turizm sektorunda daha çox nəyi dəyişmək istədikləri ilə bağlı sorğu keçirdim. Əldə etdiyim nəticələri təhlil edərək, təqdimatımı hazırladım. Müsabiqədə ilk üçlükdə yer almağım məni şox sevindirdi. Science Slam mənə elmi tədqiqata yaradıcı yanaşmaqla bərabər, səhnə fobiyasına qalib gəlməyi, natiqlik qabiliyyətini, tədqimatlara daha effektiv yanaşmağı aşıladı. UNEC-ə minnətdaram!
III yerin qalibi Nərmin Heydərova, İqtisadiyyat fakültəsinin tələbəsi
Science Slam müsabiqəsi barədə öncədən məlumatım var idi. Bu müsabiqənin Kembric¸ Oksvord kimi nüfuzlu universitetlərdə, Almaniyada keçirildiyini bilirdim. Eşidəndə ki, UNEC-də də təşkil oluncaq çox sevindim. Mövzu seçimində də tərəddüd etmədim, çünki gender bərabərliyi ilə hələ uşaqlıqdan maraqlanırdım. Gender bərabərliyini hər iki rakursdan bir tələbənin gözü ilə təhlil etdim. Məqsədim ölkənin davamlı inkişafının təmin olunması, yoxsulluğun azaldılması, səmərəli idarəçiliyin qurulmasında gender bərabərliyinin rolunu vurğulamaq idi. Fikirlərimi geniş auditoriya qarşısında bölüşmək üçün Science Slam mənim üçün böyük şans oldu. Daha bir qələbəm isə IV kursda yekun dövlət attestasiyasından da azad olunmağımdır.
Müsabiqədə qalib olacağıma inanırdım, fakültənin dəstəyi çox böyük idi. Əldə etdiyim məbləği rəhbərlik etdiyim “Uşaqlara sevgi” layihəsinə dəstək olmaq üçün istifadə edəcəyəm. Science Slamın təşkilatçılarına dərin minnətdarlığımı bildirirəm, mənə dəstək olduqları üçün fakültəmizin dekanı Asiman Quliyevə, müəllim və tələbələrinə təşəkkür edirəm. UNEC hər zamankı kimi yenə də bir ilkə imza atdı! Bu uğurlu ilkdə adımın qalib sırasında yer alması ilə fəxr edirəm!