ADİU-nun Beynəlxalq Əlaqələr Departamentinin direktoru, iqtisad elmləri doktoru Müslüm İbrahimovun “Xalq qəzeti”nə müsahibəsi

10 İYUN 2015 | VIEWS:
1840

ADİU-nun dünya universitetlərinin reytinq siyahısına daxil edilməsi istiqamətində mühüm addımlar atılır

Müsahibimiz ADİU-nun Beynəlxalq  Əlaqələr Departamentinin direktoru, iqtisad elmləri doktoru Müslüm İbrahimovdur.

DSC_8956- Müslüm müəllim, Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq əlaqələrin fəaliyyəti hansı prioritetlər əsasında həyata keçirilir və nə kimi yeniliklər var?

— Beynəlxalq əlaqələr sahəsindəki fəaliyyətimiz beynəlxalq təhsil proqramlarında iştirak, əcnəbi tələbələrlə iş, beynəlxalq təşkilatlar və universitet birlikləri ilə əməkdaşlıq və digər istiqamətlər üzrə aparılır.

Xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlıq sahəsində 2014/2015-ci tədris ilində ölkəmizin maraqlarına cavab verən və real nəticə əldə etmək məqsədi baxımından çoxsaylı danışıqlar aparılmış və 12 ölkənin 14 universiteti ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanmışdır. Bu universitetlərin arasında Türkiyənin Qazi, Koç, İzmir Economi Universitetləri, Fransanın Ruen, Reims Şampan Arden, Montpellier universitetləri, ABŞ-ın Kolumbiya Universiteti və digərləri vardır. Hazırda 7 ölkənin universitetləri ilə danışıqlar davam edir və əməkdaşlıq istiqamətləri müəyyənləşdirilir.

Rusiyanın nüfuzlu ali təhsil məktəblərindən olan Milli Tədqiqat Universitetinin Ali İqtisad Məktəbi ilə əməkdaşlıq haqqında müqavilə bağlanıb.

Yunanıstanın Qərbi Makedoniya Texnoloji İnstitutu ilə birgə kadr hazırlığına dair razılıq əldə olunub. Bu razılaşmanın nəticəsi olaraq universitetimizin professor-müəllim heyəti ilk dəfə olaraq xaricdə kadr hazırlığı prosesinə cəlb ediləcək.

Almaniyanın Ziqen Universiteti (Siegen University) ilə aktiv tələbə və müəllim mübadiləsi həyata keçirilib. Universitetimizin müəllimi Almaniyada “Beynəlxalq nəqliyyat əməliyyatları” fənnini tədris edib. ADİU-nun beş, Zigen Universitetinin on üç tələbəsi intensiv tədris kursunu bitirərək universitetimizin kreditlərini qazanıblar. Eyni zamanda, Ziqen Universitetinin professoru ADİU-da kurs tədris edib. Bu kursda universitetimizin 25 tələbəsi ilə yanaşı, Almaniyanın 5 tələbəsi də iştirak edib.

Litvanın Mikolas Romeris Universiteti ilə tələbə-müəllim mübadiləsi və birgə yay məktəblərinin təşkili sahəsində yüksək nəticələr əldə edilməsini nəzərə alaraq, həmin universitetlə maliyyə ixtisası üzrə magistr pilləsi üçün ikili diplom proqramını reallaşdırdıq. 

Cənubi Koreyanın Vusonq Universitetinin Solbrij Beynəlxalq Biznes Məktəbi ilə tələbə mübadiləsi sahəsində əməkdaşlıq davam edir. İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti ilə “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə birgə MBA proqramı fəaliyyət göstərir. Birgə proqramda təhsil alan 14 magistr bu il hər iki universitetin diplomuna sahib olacaq.

Qazi universiteti ilə Türk dünyası işlətmə fakültəsinin bazasında magistr proqramı üçün ikili diplomlar layihəsinin işlənilməsi həyata keçirilir. Mopellier Universiteti ilə ikili diplom proqramı gələn tədris ilində reallaşacaqdır.

Ümumilikdə, bu il universitetimizin 50-dən çox əməkdaşı 40-a yaxın beynəlxalq konfrans, forum və digər tədbirlərdə iştirak edib. On ölkədən 20-dək professor universitetimizdə iqtisadiyyatın müxtəlif problemlərinə aid mövzularda mühazirələr oxuyub. Türkiyə, Ukrayna, ABŞ, Argentina, Fransa, Almaniya, Kolumbiya, Norvec, Macarıstan, Tacikistan və digər ölkələrin Azərbaycandakı səfir və diplomatları universitetimizdə olub, təmsil etdikləri ölkələrin müvafiq universitetləri ilə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Fullbright proqramı çərçivəsində amerikalı mütəxəssis 1 il ərzində universitetimizin əməkdaşları, Xarici dillər kafedrasının müəllimləri və tələbələrimiz üçün ingilis dili üzrə davamlı təlim kursları keçib.

— Hansı beynəlxalq proqram və layihələrdə iştirak edirsiniz?

— ADİU ilk dəfə olaraq TEMPUS proqramının qalibi oldu. Universitetin “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” mövzusunda TEMPUS layihəsi Avropa Komissiyası tərəfindən qalib elan olundu və layihənin icrası üçün 654 min avro məbləğində qrant ayrıldı. Bu il biz  koordinator olaraq bütün partnyor universitetlərdə layihə ilə bağlı görülən işlərin monitorinqini keçirdik. Koordinatori olduğumuz layihənin tərəfdaşları arasında Böyük Britaniyanın Uorvik Universiteti olmaqla, 3 Qərbi Avropa universiteti, Azərbaycanın 4 universiteti, MDB-nin 6 universiteti var. Eyni zamanda, Azərbaycan, Ukrayna, Qırğızıstan və Tacikistanın təhsil nazirlikləri də layihənin rəsmi tərəfdaşları arasındadır. Universitetimiz 2013-cü ildə tərəfdaş qismində “Xüsusi qayğıya ehtiyacı olan insanların Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyası” mövzusunda başqa bir TEMPUS layihəsinin də qalibi olub.

ADİU Avropa Komissiyasının “Erasmus+” proqramına da  aktiv şəkildə qoşulub. ADİU “Erasmus+” proqramı çərçivəsində KA 1″ adlanan birinci fəaliyyət istiqamətində 9 universitet ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalayıb. İkinci fəaliyyət istiqamətində isə “Erasmus+” proqramı çərçivəsində KA 2″ adlanan 8 layihə konsortiumuna qoşulub. Bundan əlavə, “Erasmus+” proqramı çərçivəsində “Jan Mone fəaliyyətləri (Jean Monnet activities)” adlanan fəaliyyət istiqamətində koordinator qismində “Avropa İqtisadiyyatı mövzusunda Jean Monnet modulu yaradılması” layihəsi təklifi ilə çıxış etmişik.

Mövlanə Mübadilə Proqramı çərçivəsində Türkiyənin 32 universiteti ilə Mövlanə protokolu imzalanıb. Universitetimiz Türkiyə universitetləri ilə xarici universitetlər arasında tələbə-müəllim mübadiləsinin həyata keçirilməsini nəzərdə tutan proqrama fəal qoşulub.

— ADİU-ya əcnəbi tələbələrin cəlb edilməsi istiqamətində hansı işlər görülür və nə kimi şərait yaradılıb?

— Universitetin beynəlxalq əlaqələr sahəsindəki fəaliyyətində əcnəbi tələbələrin cəlb olunması mühüm yer tutur. Prioritet hesab edilən ölkələrdə ADİU-nun təbliğatı işinin səmərəli təşkili, əcnəbilərin universitetimizə qəbulu prosesinin online şəkildə həyata keçirilməsi, yataqxana imkanlarının yaxşılaşdırılması üçün kompleks tədbirlər həyata keçirilir.

— Hansı beynəlxalq təşkilatlarla tərəfdaşlıq edirsiniz?

— Universitetimiz Dünya Bankı, Asiya İnkişaf Bankı, Amerika Ticarət Palatası, İslam İnkişaf Bankı, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi ilə əməkdaşlıq edir, nümayəndələri ilə görüşlər keçirir. Dünya Bankının nümayəndə heyəti ADİU-da 2015-2020-ci illər ərzində bankın Azərbaycan ilə əməkdaşlıq çərçivəsində planlaşdırılan layihələri barədə çıxış edib. Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, Beynəlxalq Türk Akademiyası və Qara Dəniz Elmi Tədqiqat üzrə Beynəlxalq Mərkəzi ilə də əməkdaşlıq haqqında müqavilə bağlanıb.

ADİU-da “Dünya Bankının İctimai-İnformasiya Mərkəzi” və “ÜTT İstinad Mərkəzi” fəaliyyət göstərir və universitetimiz UNCTAD-ın Virtual İnstitutunun Azərbaycandan olan yeganə üzvüdür.

— Universitetin beynəlxalq əlaqələrinin səmərəliliyinin artırılmasında prioritet məqsədləriniz nədən ibarətdir?

— Xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığın intensivləşdirilməsi, əcnəbi tələbələrin sayının artırılması, professor-müəllim heyətinin və tələbələrin beynəlxalq proqramlara daha fəal cəlb olunması prioritetlərdəndir. Universitetimizin beynəlxalq ali təhsil məkanındakı imicinin yüksəldilməsi və dünya universitetlərinin reytinq siyahılarına daxil edilməsi istiqamətlərində də mühüm addımlar atılır.

Söhbəti apardı:

Elnarə ÖMƏROVA

1841 2
WordPress SEO - www.mersindugun.com - escort eskisehir - betasus güncel giriş -
betist güncel giriş
-

casinoslot güncel giriş

- sekabet güncel giriş -
dumanbet güncel giriş
- holiganbet yeni giriş -

timebet yeni giriş

-
casinomaxi.click
- klasbahis yeni giriş - Sağlık Personeli