Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsinin “Azərbaycan Müəllimi” qəzetinə müsahibəsi

08 İYUN 2015 | VIEWS:
1674

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Fəqan Çələbizadə “Özünü sına” onlayn sınaq imtahanı portalı barədə “Azərbaycan Müəllimi” qəzetinə müsahibə verib.

Fəqan Çələbizadə 3 iyun 1996-cı ildə Qubada anadan olub. O, Quba şəhər 3 nömrəli orta məktəbi bitirib. Azərbaycan Dövlət İqtisad Universitetinin informatika və idarəetmə fakültəsinin II kurs tələbəsidir. Bu günlərdə onun startap layihəsi olan sinaqimtahanı.net – “Özünü sına” layihəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən ənənəvi NETTY – Milli İnternet Müsabiqəsində ikinci yerə layiq görülüb. İlk dəfə Azərbaycan Dövlət İqtisad Universitetində tətbiq olunan “Özünü sına” onlayn sınaq imtahanı portalının missiyası istifadəçilərin intellektual potensialının aşkar olunması və inkişaf etdirilməsidir. Fəqan Çələbizadə ilə söhbətimizə  də “Özünü sına” layihəsi hansı zərurətdən yarandı sualı ilə körpü salmağa çalışırıq:

- Elə I kursda imtahanları verəndə çox gərgin, stresli olduğumu gördüm. Çıxış yolu imtahandan öncə sınaq imtahanı vermək idi. Özüm üçün sınaq imtahanı hazırladım. Bu, az funksiyalı həvəskar sayt idi. İki düyməsi var idi – imtahan ver və bitir. Bunun nəticəsi olaraq imtahan öncəsi gərginliyim keçdi. Sınaqlarda kəsilmədiyim üçün imtahanlara arxayın girirdim və yaxşı nəticələr göstərirdim. Bacım da ADİU-da oxuyur. Mən bacımın da imtahan suallarını bazaya əlavə etdim və o da faydalanmağa başladı. Faydalı hesab etdiyim üçün qrup yoldaşlarıma da bu barədə məlumat verdim, onlar da istifadə etməyə başladılar. Tezliklə bizim bu sınaq imtahanı xəbəri bütün fakültəyə yayıldı. Yuxarı kursun tələbələri xahiş etdi ki, bizim imtahan suallarını da bazaya əlavə et, hazırlaşaq. Bu artıq əziyyətli iş idi, çünki sualların sayı çox idi.

Bu arada qrup yoldaşım evdə saytdan istifadə edəndə atası, ADİU-nun mülki müdafiə kafedrasının müdiri Elçin Əliyev görüb maraqlanıb. Layihəni bəyənib və təklif edib ki, bu saytı təkmilləşdirib elə səviyyəyə çatdırmaq lazımdır ki, bütün tələbələrimiz istifadə edə bilsin. Görüşüb, danışdıq. Elçin müəllimin məsləhəti ilə universitetimizin İnnovativ Biznes İnkubatoruna startap layihəmlə müraciət etdim. I kursun sonunda işə başladım.

- Sayt nə qədər vaxta hazır oldu?

- Asan deyildi. Artıq tək özüm üçün yox, bütün universitetin istifadə edəcəyi professional bir sayt hazırlamalı idim. Ona görə də çox zamanımı aldı. Üzərində beş ay işləyəndən sonra artıq test versiyası hazır idi.

- İlk vaxtlar saytdan istifadə ödənişsiz idi?

- Bəli, təzə istifadəyə veriləndə ödənişsiz idi. Açığı texniki tərəfdən də ödənişli etməyə hazır deyildik. Ona görə də dedik ki, görək heç istifadə edən varmı.

- Nəticə necə oldu?

- İstifadəçilərin sayı gözlədiyimizdən də çox oldu. İlk vaxtlarda 350 mindən çox imtahan verildi. Sayta o qədər istifadəçi daxil olurdu ki, bir neçə dəfə serverdə problem yarandı. Hətta bir dəfə gecə saat üç olardı, saytın fəaliyyəti təxminən beş dəqiqəliyinə dayandı, tələbələrdən telefonuma 60-70 zəng gəldi. Tezliklə bu problemi də aradan qaldırdıq və indi sayt problemsiz fəaliyyət göstərir. Fevralın 19-dan isə saytdan istifadə ödənişli oldu.

- Tələbələr bir sınaq imtahanı üçün nə qədər pul ödəməli olurlar?

- 20 qəpik. İstədik elə məbləğ olsun ki, hamı istifadə edə bilsin. Bizim məqsədimiz faydalı olmaqdır. Eyni zamanda da layihə gəlir gətirməlidir ki, biz onu inkişaf etdirə bilək. Məsələn, ilkin mərhələdə portaldan ADİU-nun 2, 3 və 4-cü kurs tələbələri istifadə edirdilər. İndi isə abituriyentlər də istifadə edə bilirlər.

- Bu haqda bir az ətraflı məlumat verin.

- 1, 2, 3 və 4-cü qrupa hazırlaşan abituriyentlər də (Azərbaycan və rus dillərində) istifadə edə bilir. Test suallarını da bazamıza əlavə etmişik.

- Portaldan başqa kimlər istifadə edə bilər?

- Magistrlərin istifadə edə bilməsi üçün hazırlıqlar gedir.

- Başqa universitetlərdən müraciət edənlər var?

- Bir neçə universitetin tələbələri müraciət edib. Amma bunun üçün rəhbərlikləri ilə görüşüb, sualları əldə etmək üçün icazə alınmalıdır.

- “Özünü sına” layihəsindən sonra isə ikinci layihənizi – Elektron Apelyasiya Müraciətini yaratdınız.

- Elektron Apelyasiya Müraciəti də öz problemimizin həllini düşünərkən yarandı. I kursda oxuyanda imtahandan 1 balım çatmırdı. Apelyasiyaya müraciət etmək qərarına gəldim. Mən IV tədris binasında oxuyuram. Apelyasiya üçün isə əsas binaya gəlmək lazım idi. Gəldim, nahar fasiləsinə düşdüm. Bir saat gözləyəndən sonra isə dedilər ki, imtahan gününün səhəri gəlmək lazımdır. Səhər gəldim, bu dəfə isə növbədə 15-ci adam idim, bir saat da burada gözlədim. Elə gözləyə-gözləyə də düşündüm ki, elektron qaydada apelyasiya müraciətlərini edib, nəticələrini öyrənə bilsək, bu bizim vaxta qənaət etməyimizə  çox kömək edər. Həmən də işə  başladım.  Hazırladığım  nümunə bəyənildi.  Qısa  zamanda  erize.asue.edu.az saytı yarandı. Bunu tələbələrin rahatlığı üçün etdim.

- İki böyük layihə işlədiniz. Dərsləri çatdırmaq çətin olmurdu?

- Kəsirim yoxdur, hətta zərbəçiyəm. Gələn semestr isə əlaçı olacağam. “Özünü sına”nın rəhbəri olub, zəif oxumaq mümkün deyil. Qrup yoldaşlarım deyir ki, biz imtahanlara “Özünü sına” ilə hazırlaşırıq. Mən də dərsləri testləri bazaya yükləyə-yükləyə öyrənirəm.

- Yeni layihə üzərində işləyirsiniz?

- Növbəti layihəm təkcə ADİU-nun tələbələri üçün deyil, daha çox istifadəçi üçün yararlı olacaq. Amma onu deyim ki, bu layihə də qarşılaşdığımız problemlərdən yaranıb. Sorğu keçirib maraqlanmışam, arzuları nəzərə almışam və nəticədə indi üstündə işlədiyim layihəmin ideyası yaranıb.

- Bu qədər uğurlu layihələrdən sonra yəqin ki, maraqlı iş təklifləri də alırsınız.

- Bəli, elə bu günlərdə “Ultra Technologies” şirkəti təhsil sektorunda göstərdiyim təşəbbüsə və “Özunu sına” layihəsini yaratmaqla Netty-2015 mükafatını qazandığıma görə məni xüsusi sertifikatla təltif etdi. Həm də İBİ-də startap layihəmlə uğurlu başlanğıc etdiyimə görə gələcəkdə peşəkar bilik və təcrübə, uğurlu karyera yüksəlişi əldə etmək üçün “Ultra Technologies” şirkətinə müsabiqədənkənar işə qəbul olmağa imkan verən “Yaşıl Sertifikat” təqdim etdilər.

“Azərbaycan müəllimi” qəzeti
Rüfanə Günəş

 *
 
1675 1