Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin, Azərbaycan İntellektual Oyunlar Klubunun təşkilatçılığı və “Reduco” Tədris Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Dostluq Kuboku” Tələbələrarası İntellektual Çempionatının universitetlər üzrə daxili seçim turu keçirilib. Oyunda komandalara “Nə? Harada? Nə zaman?” formatında 36 sual təqdim olunub. Komandalar arasında keçən gərgin mübarizənin sonunda ən çox xal qazanan 3 komanda layihənin final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, “Dostluq Kuboku” İntellektual Çempionatında UNEC, Bakı Ali Neft Məktəbi, ADA universiteti, Dövlət İqarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyasını təmsil edən komandalar yarışır. İştirakçı universitetlərin daxilində ilk 3 yeri qazanan komandalar martın 13-də UNEC-də təşkil olunacaq final yarışında qalibiyyət uğrunda mübarizə aparacaq. Çempionatın finalı “Brain Ring” formatında təşkil olunacaq.
Bütün komandalara uğurlar arzulayırıq!