85 illik tarix…

23 DEKABR 2015 | VIEWS:
3556

hidayat11“Azərbaycan tarixi” kafedrası yaranandan onun müdiri tarix elmləri doktoru, professor Hidayət Cəfərov olub. Yalnız iki il kafedraya mərhum professor Xəlil Rəfiyev başçılıq edib. 1988-ci ildən bu günədək professor H.Cəfərov kafedra  müdiridir. O 1968-ci ildə V.İ.Lenin adına APİ-nin tarix fakultəsini fərqlənmə diplomu ilə bitirib, 1978-ci ildə namizədlik, 1996-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib.

Professor Cəfərov milli konsepsiya əsasında hazırlanan ali məktəblər üçün “Azərbaycan tarixi” dərsliyinin və orta məktəblər üçün “Azərbaycan tarixi” dərsliyinin həmmüəlliflərindən biridir. Bütövlükdə o, 200-dən artıq elmi əsər, o cümlədən 3 monoqrafiya, 4 kitab və dərs vəsaiti yazıb nəşr etdirib. İki aspirantı, bir  doktorantı müdafiə edib. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının, Azərbaycan Elmlər Akademiyası Arxeologiya və Etnoqraiya İnstitutu Elmi Şurasının Respublika Təhsil Nazirliyi Elmi-metodik Şurasının üzvüdür. 2006-cı ildə Respublikanın Əməkdar müəllimi fəxri adına layiq  görülüb və 2011-ci ildə Tərəqqi medalı ilə təltif edilib.

Hidayət müəllim UNEC-in və respublikanın ictimai həyatında yaxından iştirak edir, tarix elminin təkcə tələbələr üçün deyil, bütövlükdə ictimaiyyət içərisində geniş təbligində öz gücünü əsirgəmir.

O, həmçinin universitetin yarandıgı gündən indiyə kimi keçdiyi keşməkeşli həyat yolu ilə bağlı respublikanın bir çox arxivlərində müxtəlif araşdırmalar aparıb, maraqlı faktlar aşkar etmişdir.

Bütün bu faktlar Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illik yubileyi  ilə baglı hazırlanıb ərsəyə gətirilən kitabda öz əksini tapıb. H.Cəfərovun bu  kitabın  hazırlanmasında rolu danılmazdır. Bu münasibətlə H.Cəfərovla görüşüb söhbətləşdik və oxucuları maraqlandıran bir neçə sualla ona müraciət etdik.

– Hidayət müəllim, bir az əvvələ qayıdaq. Azərbaycanda iqtisadçı kadrların hazırlanmasına nə vaxtdan başlanılır?

– Azərbaycanda ali təhsil sistemində özünəməxsus yer tutan Azərbaycan Dövlət İqtisad Universiteti çox mürəkkəb, həm də şərəfli tarixi yol  keçib.  Mövcud  oldugu  80 ildə müxtəlif adlarla fəaliyyət göstərən bu qocaman təhsil ocağı Azərbaycanda geniş profilli, yüksək peşəkarlıq qabiliyyətinə malik iqtisadi kadrların  hazırlanmasında müstəsna rol oynayıb.

Obyektivlik naminə qeyd etməliyəm ki, Azərbaycanda 1920-ci ilə qədər ali təhsilli  iqtisadçı kadrlar hazırlayan xüsusi təhsil müəssisəsi olmayıb.

1919-1920-ci illərdə Bakı Dövlət Universitetində, Politexnik institutunda iqtisadyönümlü fakultə və bölmə yaradılır. Faktlar göstərir ki, həmin dövrlərdə başqa sahələrlə yanaşı, iqtisadçı ixtisasına yiyələnmək istəyənlər heç də az deyildi.

20-ci illərdəki çətinliklərə, təcrübənin olmamasına, iqtisadçı mütəxəssislər hazırlamalı  olan yüksək  ixtisaslı  elmi-pedaqoji  kadrların azlığına baxmayaraq, respublikada  xalq təsərrüfatının müxtəlif sahələrində işləyə biləcək geniş profilli iqtisadçıların  hazırlanması işinin  bünövrəsi  qoyulub. Ayrı-ayrı kurslarda, texnikumlarda, ali  məktəblərin  müvafiq  fakultələrində  təhsil alan mütəxəssislər 30-cu illərdə iqtisadçı  kadrların yeni  nəslinin  hazırlanmasında  yaxından  iştirak  ediblər.

– Hidayət müəllim, iqtisadyönümlü ilk ali məktəb nə vaxt yaranıb?

– Sovet təhsil sistemində 1920-ci illərin sonu 30-cu illərin əvvəllərində ciddi dəyişikliklər aparıldı. Belə ki, ayrı-ayrı nazirliklərə, komitələrə təhkim olunan yeni institut şəbəkələri yaradıldı. Bu isə öz növbəsində müxtəlif sahələr üzrə iqtisadçı kadrlar hazırlanması işinə yeni imkanlar yaratdı.

Sovet təhsil sistemində aparılan dəyişikliklər nəticəsində, Azərbaycan Dövlət Universitetinin tərkibində fəaliyyət göstərən koorperativ ticarət bölməsi əsasında 1930-1933-cü illərdə Azərbaycan Ticarət-Kooperativ İnstitutu yaradıldı. Azərbaycan SSRİ Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarıxlı əmri ilə Azərbaycan Dövlət Universiteti ləğv olunduqdan sonra, universitetin fakültələrindən çoxsaylı müstəqil institutlar yarandı.

-Yeni yaradılan institutun strukturu hansı tərkibdə təsdiq olundu?

– 1930-1933-cü illər ərzində Azərbaycan Ticarət-Kooperativ İnstitutunun məqsədyönlü fəaliyyətini nəzərə alaraq AK(b)P MK katibliyi 1933-cü il 2 yanvar tarixli qərarı ilə Azərbaycan Sosial-İqtisadı İnstitutu yaradıldı. Qərara əsasən yeni yaradılan institutun strukturuna plan-iqtisaq, maliyyə, sosial-uçotu və sovet quruculuğu və hüquq fakültələri daxil edildi. İnstitut Respublika Plan Komitəsinə təhkim olunaraq ayrıca binaya yerləşdirildi.

– Hidayət müəllim, institutun müxtəlif vaxtlarda bağlanması hansı çətinliklərlə əlaqədar olub?

– 1941-ci il Böyük Vətən Müharibəsində yaranmış vəziyyətlə əlaqədar olaraq AXTİ Universitetin tərkibində İqtisad fakültəsi kimi fəaliyyət göstərməyə məcbur oldu.

1959-cu ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə AXTİ-nin fəaliyyəti yenidən dayandırıldı.

Azərbaycan Dövlət Universitetində fəaliyyət göstərən iqtisadiyyat və əmtəəşünaslıq fakültələrində tələbələrin sayının həddindən çox olmasını (4000 nəfər) nəzərə alaraq 1966-cı il fevralın 10-da SSRİ Nazirlər Soveti yenidən Bakıda Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun yaradılmasına qərar verdi.

Məkrli siyasət və qısqanclıq nəticəsində Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin 1987-ci il 24 sentyabr və SSRİ Ali Təhsil Nazirliyinin 1987-ci il 30 oktyabr tarixli qərarı ilə AXTİ-nin fəaliyyəti yenidən dayandırıldı. Yuxarıda göstərilən əmrlərə əsasən Bakıda N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialı yaradıldı.

Daha sonra universitet tarixində bir sıra dəyişikliklər baş verdi. Bir neçə iqtisadyönümlü institutlar birləşdirilərək əvvəlcə Azərbaycan Dövlər İqtisad İnstitutu sonra isə Azərbaycan Dövlər İqtisad Universiteti yaradıldı. Ölkəmizin qocaman ali məktəblərindən olan Azərbaycan Dövlər İqtisad Universiteti 2002-ci ilin əvvəllərində özünün yüksələn xətlə inkişaf mərhələsinə qədəm qoymuşdur.

İqtisad Universiteti mövcud olduğu illərdə obyektiv və subyektiv səbəblərə görə müxtəlif adlar daşıyan ali məktəbimiz enişli-yoxuşlu, mürəkkəb, çətin və eyni zamanda şərəfli bir yol keçib. Bəzən müstəqil, bəzən hansısa ali məktəbin fakültəsi, bəzən də heç bir məntiqə sığışmayan qərarla uzaq bir şəhərdəki institutun filialına çevrilən Azərbaycan Dövlər İqtisad Universitetinin həyat yolu bir çox baxımdan ibrətamizdir. Lakin mövcud olmuş bütün çətinliklərə baxmayaraq UNEC öz varlığını qoruyub saxlayıb, hazırda isə respublikamızın aparıcı məktəblərindən birinə çevrilib.

– Müasir durumla bağlı fikirləriniz…

– Son vaxtlarda UNEC-də başlanan islahatlar yeni müstəvidə davam edir. Universitetdə müasir dövrün tələblərinə cavab verən, ali təhsil ocağımızın Avropa və dünya təhsil sferalarına yaxınlaşmasını asanlaşdıran bir çox yeniliklərə imza atılıb. İdarəetmənin çevikliyini artırmaq üçün Tədrisin təşkili və metodiki təminat mərkəzi, Distant, qiyabi və əlavə təhsil mərkəzi, Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsi mərkəzi, Elm və innovasiyalar mərkəzi, İnformasiya-kommunikasiya texnologiyaları mərkəzi, Texnologiya-transfer mərkəzi, Maliyyə və təminat departamenti, Beynəlxalq əlaqələr departamenti, Biznesin idarə edilməsi departamenti və s. yaradılıb.

Bu gün biz universitetimizin 85 illik yubileyi ərəfəsindəyik. Universitet əməkdaşlarının hər biri bu bayramı sevinclə qarşılayır. Hər birimiz bu bayrama öz töhfəmizi bəxş etməyə çalışır, yubiley tədbirində həvəslə iştirak etməyə hazırlaşırıq.

Bütün bu yeniliklərin həyata keçırılməsində UNEC-də çalışan hər bir əməkdaşın rolu böyükdür. O cümlədən mənim də…

İncə yumoru, məzəli zarafatları ilə arada xoş ovqat yaradan Hidayət müəllimə sonsuz sayda suallarla müraciət edə bilərdik. Ancaq düşünürük ki, çoxşaxəli fəaliyyət dairəsi olan işgüzar alimə nə qədər sual versək, yenə də azdır. Çünki, onun gündən-günə yeniləşən universitetimizin həyatı ilə bağlı verdiyi rəy və təklifləri ölçüyə gəlməzdir.

Xatın Qocayeva

3557 1