UNEC əməkdaşları Montpellier Universitetində: “Azərbaycanda doktorantura təhsilinin yenidən qurulması və inkişaf etdirilməsi”

17 DEKABR 2015 | VIEWS:
2628

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşları Fransanın Montpellier Universitetində “Avropa ali təhsil məkanının tələblərinə uyğun olaraq Azərbaycanda doktorantura təhsilinin yenidən qurulması və inkişaf etdirilməsi – “NİZAMİ” Erasmus+ layihəsi çərçivəsində keçirilən başlanğıc görüşdə iştirak ediblər. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələrinin də iştirak etdiyi görüşdə bir sıra ali təhsil müəssisələrinin nümayəndələri qatılıb. Layihənin konsorsiumuna Azərbaycandan doqquz ali təhsil müəssisəsi, Avropa universitetlərindən Barselona Universiteti (İspaniya),  Heydelberq Universiteti (Almaniya), Masarik Universiteti (Çexiya), Upsala Universiteti (Hollandiya) və Türkiyənin Fatih Universiteti daxildir. Bundan əlavə iki yardımçı tərəfdaş da iştirak edir.

UNEC-in Beynəlxalq əlaqələr departamentinin rəhbər müavini Anar Kazımov və departamentin inspektoru Aysel Musayevanın iştirak etdiyi görüşdə doktorantura təhsilinin inkişaf etdirilməsi haqqında təkliflər dinlənilib. Eləcə də, ali təhsil müəssisəsinin beynəlmiləşdirilməsinin sürətləndirmək, təhsil, tədqiqat və innovasiyalar üzrə əlaqələrin inkişaf etdirilməsi, tədqiqatlar üzrə əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.

Bildirilib ki, NİZAMİ layihəsinin tərkibinə doktorantura təhsilinin hazırki durumu, strukturlaşması, yüksək standartlar, layihənin həyata keçirilməsi üçün professional bacarıqların inkişafı, beynəlmiləşmə, keyfiyyət planı, milli portalın idarə edilməsi, kommunikasiya və menecment işçi paketi daxildir. İşçi planların həyata keçirilməsi ilə əlaqədar 2016, 2017 və 2018-ci illərdə müxtəlif vaxtlarda seminarların təşkil olunması nəzərdə tutulub. 2016-cı ilin aprel ayında keçiriləcək seminarlarından birinə UNEC-in ev sahibliyi etməsi planlaşdırılır.

2629 1