Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin təşkilatçılığı ilə Moskva Dövlət Humanitar-İqtisad Universitetində təşkil edilən konfransda UNEC də təmsil olunub. Konfransda Rusiya və Belarus Respublikasının təhsil müəssisələrinin rəhbərləri, elmi və pedaqoji işçiləri iştirak edib.
Konfransda inkluziv təhsil müəssisələrində karyera yönümlü işin təşkili və metodoloji dəstəyi, əlilliyi olan təhsil alan gənclərə aid professional oriyentasiya, qanunvericilik aktları, bu sahədə təcrübələrin öyrənilməsi, habelə əlilliyi olan gənclərin mülki, siyasi, sosial, iqtisadi, mədəni hüquqlarının bərabər şəkildə təmin edilməsi müzakirə olunub.
Konfransda UNEC-in Əlilliyi olan tələbələr üçün Mərkəzinin koordinatoru Sevinc Məhsimova, inklüziv təhsilin UNEC-in prioritet məsələlərindən olduğunu vurğulayaraq, bu istiqamətdə universitetdə zəruri tədbirlərin həyata keçirildiyini bildirib. Rus İqtisadiyyat Məktəbinin “İqtisadiyyat” kafedrasının dünya iqtisadiyyatı və ticarət ixtisasının rəhbəri Sevər Məmmədova UNEC və Moskva Dövlət Humanitar İqtisad Universiteti (MDHİU) arasında imzalanan ikili diplom proqramının əhəmiyyətindən danışıb. Razılaşmanın Azərbaycanda və MDB məkanında inklüziv mühitdə əlilliyi olan tələbələrə hər iki universitetin diplomunu almaq imkanı verən ilk proqram olduğunu diqqətə çatdırıb.