Kafedra müdiri: dosent Cəfərli Hənifə Alhüseyn oğluÜnvan: Bakı, H.Əliyev küçəsi, 135 (II korpus) |
XX əsrin 20-ci illərinin sonlarından başlayaraq Azərbaycan Dövlət Universitetinin İqtisad fakultəsində “Təsərrüfat fəaliyyətinin təhlili” fənni tədris olunmağa başlamışdır. Bu kurs Azərbaycan Dövlət Universitetinin əvvəlki sələflərinin bütün fakultələrinin əsas fənlərindən biri olmuşdur. 1929-cu ildən 1972-ci ilədək «İqtisadi təhlil» (yaxud «Təsərrüfat fəaliyyətinin təhlili») fənni «Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili» kafedrasının tərkibində tədris edilmişdir. 1972-ci ildə həmin kafedranın bazasında iki müstəqil kafedra – «Mühasibat uçotu» və «İqtisadi təhlil» kafedraları yaradıldı. Hazırkı dövrdə «İqtisadi təhlil» kafedrası respublikamızda iqtisadi təhlil sahəsində tədris proqramları, dərslik və dərs vəsaitləri, metodik göstərişlər və s. hazırlayan yeganə kafedradır.
«İqtisadi təhlil və audit» kafedrasına müxtəlif illərdə prof. Ə.Fərəcov, dos. S.Səmədov, dos. İ.Mahmudov, prof. H.İ.Namazəliyev, prof. R.Əliyev rəhbərlik etmişlər. Sonrakı vaxtlarda kafedraya i.e.n., dosent T.Ş.Zeynalov (2000-2001), i.e.n., prof. F.M.Quliyev (2001-2007), i.e.n., dosent C.B.Namazova (2007-2011) başçılıq etmişlər. 2011-ci ildən kafedraya dos. Hənifə Cəfərli rəhbərlik edir.
Kafedranın əsas məqsədi, müxtəlif səviyyəli strategiyaların formalaşması və həyata keçirilməsi sahəsində, eləcə də ölkənin, regionların və müəssisələrin sabit sosial inkişafı üçün zəruri mexanizmlərin hazırlanması və texnologiyaların həyata keçirilməsi prosesində müvafiq biliklərə və bu bilikləri effektiv surətdə tətbiq etmək bacarığına malik olan müasir təhlilçi və auditorların hazırlanması, Azərbaycan cəmiyyətinin bu istiqamətdə artan tələbatının təmin edilməsindən ibarətdir.
Kafedra respublikada Mühasibat uçotu və audit ixtisası üzrə dərin bilikli bakalavr, magistr və aspirant hazırlayan yeganə tədris və elm mərkəzidir.
«İqtisadi təhlil və audit» kafedrasında Uçot-iqtisad fakültəsi üzrə bakalavr təhsil pilləsində İqtisadi təhlilin nəzəriyyəsi, İqtisadi təhlil, İdarəetmə təhlili, Praktik audit, Maliyyə-iqtisadi təhlil, Maliyyə hesabatlarının təhlili, Audit kimi müasir fənlər tədris edilir.
Magistratura Mərkəzində Mühasibat uçotu və audit ixtisası üzrə təhsil alan magistrlərə “Maliyyədə iqtisadi təhlil”, “İqtisadi təhlilin beynəlxalq standartlara uyğunlaşdırılması”, “Audit xidmətində iqtisadi təhlil”, “Xarici iqtisadi fəaliyyətin təhlili” və s. kimi fənlər tədris olunur.
Uçot-iqtisad fakültəsində təhsil alan tələbələrin elmi-tədqiqat, elmi-pedaqoji və buraxılış işi qabağı istehsalat təcrübələri də kafedrada layiqincə təşkil olunub. Bunun üçün kafedra rəhbərliyinin Azərbaycan Dövlət Neft Şirkəti ilə bağlamış olduğu razılaşmaya əsasən tələbələrimiz ADNŞ-in müxtəlif təşkilatlarında təcrübə keçir və nəzəri biliklərini praktiki olaraq həyata keçirmə imkanına malik olurlar.
«İqtisadi təhlil və audit» kafedrasının əməkdaşlarının «Statistika» kafedrasının əməkaşları ilə birlikdə yerinə yetirmiş olduqları «Makroiqtisadi göstəricilər və əhalinin həyat səviyyəsi» və «İnvestisiya və innovasiya proseslərinin statistik qiymətləndirilməsi məsələləri» mövzusunda dövlət sifarişi əsasında yerinə yetirilmiş elmi-tədqiqat işləri Azərbaycan Dövlət Statistika Komitəsi tərəfindən qəbul olunmuşdur.
Kafedranın əməkdaşları Rusiyanın, Belorusiyanın İqtisad universitetləri ilə, xüsusilə Moskva Dövlət Universitetinin «Mühasibat uçotu və iqtisadi təhlil» kafedrası ilə uzun illərdir ki, sıx əməkdaşlıq edir. Kafedranın professor-müəllim heyəti mütəmadi olaraq Ukraynanın, Gürcüstanın İqtisad universitetlərində müxtəlif elmi tədbirlərdə, müdafiə şuralarında iştirak etmiş və ya orada müdafiə edən iqtisadçıların elmi işlərinə rəy vermiş, onlara opponentlik etmişlər.
Kafedranın əməkdaşları hər il 150-200 ç.v. həcmində dərslik, dərs vəsaiti, metodiki göstərişlər çap etdirirlər. Son illərdə prof. İ.M.Mahmudov, dos.T.Ş.Zeynalov, dos.N.M.İsmayılovun birgə müəllifliyi ilə «İqtisadi təhlil», i.e.d. S.Y.Müslümov və dos.R.N.Kazımovun birgə müəllifliyi ilə «Maliyyə iqtisadi təhlil», dos. C.B.Namazova və dos. R.N.Kazımovun birgə müəllifliyi ilə «Praktiki audit» dərslikləri tələbələrin istifadəsinə verilmişdir.
*
Məsləhətçi
i.e.d. Əliyev Ramil Beqlyar – prof.-məsl.