Almaniyanın Heidelberq Universitetində Avropa ali təhsil məkanının tələblərinə uyğun olaraq, Azərbaycanda doktorantura təhsilinin yenidən qurulması və inkişaf etdirilməsi – “NİZAMİ” Erasmus+ layihəsi çərçivəsində növbəti görüş keçirilib.
Görüşdə Avropadan olan tərəfdaşlarla yanaşı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), eləcə də ölkənin digər ali təhsil müəssisələrinin nümayəndələri də iştirak ediblər.
Təlimlərdə 4-cü İşçi Paketdə lider olan UNEC-in Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Anar Kazımov doktorantların professional bacarıqlarının artırılması və bu sahədə UNEC-in son iki ildə əldə etdiyi nailiyyətlər barədə çıxış edib. Eyni zamanda UNEC-in elmi tədqiqat potensialı, gənc tədqiqatçıların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində reallaşdırılan layihələr, o cümlədən diferensial əməkhaqqı sistemi, “Lider müəllim-lider universitet” layihəsi, gənc tədqiqatçılar layihəsi və digər uğurlardan danışıb.
Görüşdə UNEC-də gənc tədqiqatçılar üçün yaradılan karyera imkanları, habelə ölkədə fəaliyyət göstərən şirkətlərlə əlaqələr iştirakçıların diqqətinə çatdırılıb. Bu istiqamətdə regionda öz unikallığı ilə seçilən Almaniyanın Siegen Universiteti ilə birgə DAAD layihəsi də maraqla qarşılanıb. Bildirilib ki, karyera imkanlarının artırılmasına yönəldilən layihə çərçivəsində hazırda UNEC-in 3 doktorantı Siegen Universitetində tədqiqat aparır.
Anar Kazımovun çıxışında ali məktəblərdə doktorantların professional bacarıqlarının artırılmasına nail olunması məqsədilə verilən təkliflər işçi paketin icrasının əsasını təşkil edib.
Təlimlər çərçivəsində paralel diskussiyalar aparılıb və digər işçi paketlərin icrasının gedişi nəzərdən keçirilib.