Ölkə iqtisadiyyatının və biznesin vəziyyəti həm də burada çalışan kadrlardan – iqtisadçılar, maliyyəçilər və menecerlərdən, onların bilik və bacarıqlarından asılıdır. Ölkədə iqtisadi kadrların hazırlandığı əsas mərkəz – Azərbaycan Dövlət İqtisad Universitetidir (UNEC). İl yarım əvvəl universitetin rəhbərliyi dəyişdirilib, burada yeni komanda formalaşdırılıb. Bu dövrdə İqtisadi Universitetində baş verən yeniliklər, onların ilkin nəticələri və planlar barədə fins.az-ın suallarına UNEC-in rektoru, professor Ədalət Muradov cavab verir.
– Ədalət müəllim, Azərbaycan Dövlət İqtisad Universiteti uzun illər «Narxoz» adı ilə tanınıb və müəyyən qədər mənfi imicə də malik olub. Bu vəziyyəti dəyişmək üçün uniersitetdə nə işlər görülür? Başlayaq müəllim-tələbə münasibətlərindən…
– Bəli, bizim ilk işimiz müəllim-tələbə münasibətini kökündən dəyişmək oldu. Əvvəla, biz tələbələrə sərbəstlik verdik, amma biz bu sərbəstliyi çərçivəyə salmışıq. Məsələn, biz tələbələrin özünün iştirakı ilə intizam qaydalarını hazırladıq. Qaydaların layihəsini universitetin saytında yerləşdirdik, rəylər toplandı, müzakirə olundu və qayalar təsiqləndi. Artıq bəllidir ki, tələbəyə nə olar, və nə olmaz. Qaydaları kitabça formasında çap edib bütün tələbələrə vermişik. Tələbə bilir ki, bunları pozarsa onu nə gözləyir. Məsələn, pozuntulara görə, ötən il bir tələbəni 4-cü kursda universitetdən kənar etdik.
– UNEC-də ilk yeniliklərdən biri tələbə-rektor layihəsi oldu. Onun işi nədən ibarətdir?
– Bəli, biz tələbə-rektor layihəsinə başladıq. Mən rektor təyin ediləndən bir ay sonra artıq tələbə-rektor seçildi. O da bütün günü mənimlə qəbullarda iştirak etdi, görüşlərə qatıldı, hətta tələbələrlə birlikdə görüş də keçirdik və s. 2015-ci ilin fevralından etibarən isə biz bir il ərzində fəaliyyət göstərəcək tələbə rektor layihəsinə başladıq. Onun ayrıca kabineti vanr, istənilən vaxt qəbuluma gəlib mənimlə görüşə bilər. Tələbələr müraciətlərini ona çatdırırlar, o da mənə çatdırır. Mən özüm də «Facebook» səhifəmi açmışam və tələbələrlə birbaşa ünsiyyətdə oluram.
– Sizin «Facebook»da şəxsi profiliniz var?
– Əlbəttə, özümün şəxsi profilim var və tələbələrin də suallarına özüm cavab verirəm. Tələbələr də buna kifayət qədər maraq göstərirlər, sualar verirlər. Biz iqtisadçı tələbələrə dəstək QHT-si də yaratmışıq. İdeyanı bizim 1-ci kurs tələbəmiz Səməd Rzazadə irəli sürdü, biz də onu dəstəklədik, artıq bu təşkilat Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib. Məqsəd imkansız tələbələrə, valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı göstərmək və sairdir. Təşkilat çox fəaldır. Bir qədər əvvəl bizim bir tələbəmiz müalicə olunurdu, böyük aksiyalar keçirildi ona dəstək üçün. Burada öz uşaqlarımızın konserti keçirildi, biletlər satıldı, yığılan pul ona verildi.
«Test suallarının cavabını tələbələrə payladıq»
– Müəllim-tələbə münasibətində ən mühüm məsələ, ümumiyyətlə indiyədək əsas problem, tələbənin biliyinin düzgün qiymətləndirilməsi idi. Bu problemi necə həll etdiniz?
– Biz bu sahədə çox böyük yenilik etdik. Hətta inanmazsınız –test imtahanının suallarını tələbərə verdik. Əvvəlcədən bütün tələbələr test suallarının düzgün cavabları ilə tanış ola bildilər. Belə qərara gəldik ki, kim oxumaq istəyirsə, qoy öyrənib gəlib imtahan versin. İndi dövlət imtahanı da, qiyabiçilərin imtahanları da testlə keçirilir Hər şey şəffaflığın artırılması üçndür.
– Deməli, bütün imtahanlar testlə keçirilir?
– Bəli. Doğrudur, mən şəxsən hesab edirəm ki, ali məktəbdə tələbənin biliyinin testlə qiymətləndirilməsi düzgün deyil. Biz hətta ötən il yazılı imtahan da tətbiq etdik, amma bu çox neqativ hallara səbəb oldu. Bəzi müəllimlər yenə müxtəlif üsullara əl atmağa başladılar. Nəticədə obyektivliyi təmin etmək üçün bundan imtina edib yenidən test üsuluna qayıtmalı olduq. Başqa sözlə, seçim qarşısında qalmışdıq ki, nəyi seçək – keyfiyyəti, yoxsa obyektivliyi, qərar verdik ki, obyektivliyi seçək. İndiki mərhələdə obyektivliyi təmin edək, tələbələrin şüurunu dəyişək. Onlar görsünlər ki, rüşvətsiz və tapşırıqsız oxumaq mümkündür. Yalnız bundan sonra keyfiyyəti qaldırmaq barədə düşünək.
– Neqativ halların qarşısını almaq üçün başqa hansı tədbirlər göülüb?
– Neqativ halların qarşısını almaq üçün digər ali məktəblərdən və xarici ölkələrdən tələbə köçürülmələrini qadağan etdik. Bizim Dərbənd şəhərində filialımız var. Bura gələn kimi Dərbənd filialına qəbulu dayandırdıq. Ötən il də dayandırdıq, bu il də olmadı. Səbəbləri var. İstəyirik ki, orda normal sistem quraq, məhz bundan sonra işləsin. Hamı da görsün ki, hər şey qaydasındadır.
«Müəllimlərin maaşları 3 dəfə artıb»
– Ədalət müəllim, neqativ halların qarşısının alınması üçün sınanmış reseptlərdən biri də maaşların artırılmasıdır. UNEC-də bununla bağlı nə işlər görülüb?
– Biz universitetdə təmirə demək olar ki, pul xərcləmirik. Qazandığımız pulu əsasən müəllimlərin əmək haqqına yönəldirik. İndiyədək, yəni bizim burada işlədiyimiz ilyarımda maaşlar 3 mərhələdə artırılıb.
– Müəllimlərin maaşları necə artıb?
– Burada fəaliyyətə başlayanda universitetdə pedaqoji heyətin orta aylıq əmək haqqı 576 manat idi, indi bu rəqəm 985 manatdır. Professorun maaşı 661 manatdan 1300 manata, kafedra müdirinin maaşı 968 manatdan 1500 manata qalxıb. Dosentlərin əmək haqqı 583 manat idi, indi olub 880 manat. Baş müəllimin maaşı 610 manatdan 760 manata, müəllimin əmək haqqı isə 535 manatdan 680 manata qalxıb. Bundan başqa, dekanların vəzifə maaşları 1400 manat idi, indi olub 2000 manat, dekan müavininin maaşı isə 737 manatdan 1200 manata, yəni 63% artıb.
«Müəllim heyəti dəyişəcək»
– Bütün bunlar neqativ halların qarşısını almağa kömək edib?
– Mən düşünürəm ki, hə. Amma əsas məsələlərdən biri də müəllim heyətinin yenidənməsi və cavanlaşmasıdır. Bu birmənalıdır qaçılmazdır. Universitetimizdə yaşlı müəllimlər çoxdur.
– Demək istəyirsiniz yaşlı müəllimlər gənclərlə əvəz olunmalıdır?
– Bəli. Bizim təcrübəli müəllimlərizə böyük hörmətimiz var. Onların təcrübəsini və bilik-bacarıqlarını yüksək qiymətləndiririk. Amma həyat öz işini görür – heyət cavanlaşmalı və daha müasir tələblərə cavab verməlidir. Biz müəllim heyətinin cavanlaşması üçün yaşı böyük olan müəllimlərin pensiyaya getməsini təşviq edirik. Məsələn, qərar vermişik ki, yaşı 75-dən yuxarı olan müəllimlər, könüllü olaraq pensiyaya gedərlərsə, biz onlara bir illik əmək haqqını öncədən veririk.
-Yaşlı müəllimlər bundan istifadə edirlər?
– O qədər də yox. Təsəvür edin ki, bir ilə yaxındır qərar vermişik, amma bu günə qədər cəmi 5 nəfər müraciət edib.
– Bəs gənc müəllimləri haradan cəlb edəcəksiniz, necə seçəcəksiniz?
– Gənc kadrları hazırlamaq üçün bir neçə layihəmiz var. Birincisi hələ ötən ildən «Gənc professor» layihəsinə başlamışıq. Mahiyyəti odur ki, yaşı 40-a qədər olan fəlsəfə doktorlarını elmlər doktoru dissertasiyası yazmaq üçün doktoranturaya qəbul etmişik. Burada hər bir professorun iki elmi rəhbəri var – biri Türkiyədən, biri bizdən. Hələlik bunların sayı 6-dır. Onlar bu il Türkiyənin müxtəlif universitetlərində tədqiqat aparıblar. Gələcəkdə bunu 15-ə çatdırmaq istəyirik.
Başqa layihəmiz var – «Gənc müəllimlər» layihəsi. Yaşı 30-a qədər olan və həyatını pedaqoji işə həsr etməyə hazır olan və tələbələrlə işi sevən yaşı 30-a qədər olan tələbələri dəvət etdik. Bizə br ayda 411 nəfər müraciət etdi. Bunardan 111-ni seçmişik, 11 nəfərini də artıq müəllim kimi işə qəbul etmişik. Bunlar kifafət qədər müasir və savadlı gənclərdir.
«Müəllimlərin reytinqi hesablanacaq»
– Bəs dərsin keyfiyyətini artırmaq üçün nə etmək fikrindəsiniz?
– Oktyabrın 1-dən ölkədə ilk dəfə olaraq UNEC-də müəllimlərin reytinq sistemi işə düşür. Müəllimlərimizin əmək haqqı diferensiallaşdırılmış olacaq, yəni reytinqdən asılı olacaq. Məsələn, tutaq ki, müəllimin maaşı 100 manatdır, diferensiallaşdırılmış əmək haqqı sistemində 1-ci 100-lüyə daxil olan müəllimlərə müəyyən əmsallar tətbiq olunacaq. Məsələn, ilk 10-luğa daxil olan müəllimə 2 əmsalı tətbiq ediləcək. Bu o deməkdir ki, bu gün müəllim 1000 manat alırsa, o alacaq 2 min manat.
-Əmsallar nəyə əsasən hesablanacaq?
– Orada həm tədris, həm elmi fəaliyyət, həm də özünü inkişaf nəzərə alınacaq. Ümumiyyətlə isə bu üç blok üzrə müəllimlərin fəaliyyətini qiymətləndirmək üçün 100-dən çox indikator var. İndi biz bunu elektronlaşdırırıq.
– Tədris göstəricisi deyəndə yəqin ki, müəllimin dərs dediyi tələbələrin göstəricisi nəzərdə tutulur, eləmi?
-Tələbələrin nəticələri bu göstəricilərdən biridir. Eyni zamanda tələbələr arasında məmnunluq sorğusu da keçiriləcək. Düzdür, bu sorğunun ümumi nəticəyə təsir imkanı 5% olacaq. Bu Azərbaycanda ilk dəfə olcaq və biz bunu panetləşdirmək istəyirik. Proqramm təminatını da ultra şirkəti hazırlayıb.
«Elektron universitet» yaradılıb
– İqtisadi Universitetində yeniliklərdən biri də «Elektron universitet» layihəsidir. Bu nə deməkdir?
– «Elektron universitet» – tədris sisteminin tam elektronlaşdırılmasıdır. Buna ilk növbədə əsas korpusdan başlamışıq. Əsas korpusda 53 auditoriyamız var. Onların hamısında proektor və virtual tribuna quraşdırılıb. Buradakı kompüter də proektora qoşulub. Kağız jurnal yoxdur, hər şey elektrondur. Məsələn, müəllim tələbəyə «qayıb» yazanda, o avtomatik olaraq mərkəzi kompüterə ötürülür. Bildiyiniz kimi, qayıbda 25% limit var. İmtahan zamanı sistemdən avtomatik məlumat çıxır ki, bu tələbə limiti keçib ya yox, yəni imtahana buraxıla bilər, ya yox. Tələbənin seminar balları da avtomatik olaraq mərkəzi kompüterə ötürülür. İmtahana başlayanda onun orta balı avtomatik ortaya çıxır. Bundan başqa, sistemdə müəllimin işçi kabineti var – müəllim bütün dərs materiallarını ora toplayır. Dərsdə kompüteri qoşur, işçi kabinetinə daxil olur, hansı mövzuda təqdimatı və ya digər dərs materialı varsa, nümayiş etdirir. Dərs cədvəlləri, müəllimlərin dərs yükləri də sistemə yerləşdirilib. Tələbələrin hər birinin özünün də işçi kabineti var.
– Bu nə üçün lazımdır?
– Məsələn, tələbə qiymət vərəqəsi almaq istəyir. Bu gəlir dekanın yanına, dekan onu harasa göndərir və s. ind bütün bunların heç birinə ehtiyac yoxdur. Tələbə özü işçi kabinetinə daxil olmaqla qiymət vərəqəsini çap edə və istədiyi yerə göndərə bilər. Orda hətta tələbələrin və müəllimlərin ad günlərini də qeyd etmişik. Ad günündə hər bir tələbəyə və müəllimə sistem tərəfindən avtomatik təbriklər göndərilir. Bu da dərs prosesinə bir müsbət elementdir.
«Qoy tələbələrimiz bizneslə də məşğul olsunlar»
-Universitetinizdə innovativ biznes inkubator da yaradılıb. İstəyirsiniz tələbələr elə indidən bizneslə məşğul olsun?
– Bəli, biznes inkubatoru ötən ilin oktyabrında, yəni 1 il əvvəl yaratmışıq. Fikirləşdik ki, tələbələrin ideyaları varsa, onların reallaşdırılmasına şərait yaradaq. Biznes inkubator 4 ofisdən ibarətdir. Tələbələr ideyalarını gətirir, biz də onlara məsləhət veririk. Məqsədəuyğun layihəni inkubatora göndəririk, və tələbələr onu icra etməyə başlayılar. Bizim universtetdəki «Özünü sına» layihəsi də bu startaplardan biridir. Bunu tələbələrimizdən biri fikirləşdi, biz də dəstəklədik. Kim istəsə bu proqramma daxil olub biliyini qiymətləndirə və imtahana hazır olub-olmadığını bilə bilər. Qiyməti də cəmi 20 qəpikdir. Bu layihənin müəllifi indi universitetimizin ən çox qazanan tələbəsi, bəlkə də buradakı ən imkanlı şəxsdir. Ümumiyyətlə, tələbələri biznesə də həvəsləndiririk, hazırda biznes inkubatorda əlavə 7 startap layihəsi də həyata keçirilir.
– Onların arasında maraqlı layihələr varmı?
– Bəli, hazırda daha bir layihə reallaşdırılır. Biz baxdıq ki, mobil telefonlar dərs prosesinə manne olurlar. Dərs zamanı zəng və ya mesaj gəlir və s. Bu startap layihəsinin də mahiyyəti onan ibarətdir ki, dərsə gəriş zəngi vurulanda bütün telefonlar avtomatik olaraq səssiz rejimə keçəcək. Əvvəl istədik ki, telefonları ümumiyyətlə söndürək, amma düşündük ki, bu istehlaçıların hüquqlarının pozulmasıdır. Ona görə də səssiz rejimi seçdik. Hesab edirəm ki, bunu reallaşdırsaq, bu layihə bütövlükdə Azərbaycanın təhsil sistemində reallaşdırıla bilər.
«UNEC-də struktur islahatları olacaq»
– Ədalət müəllim, İqtisad Universitetində struktur islahatları olacaqmı?
– Bəli, UNEC-də struktur islahatları olacaq. Hələlik detallarını açıqlamırıq. Amma söhbət yeni fakultə və yeni kafedraların yaradılmasından, eləcə də bəzi strukturların birləşdirilib və ya parçalanmasından gedir. Bütövlükdə biz universitetin «yüngülləşməsini» istəyirik. Yəni bu dəyişikliklərin fəlsəfəsi ondan ibarətdir ki, konkret ixtisasa görə məsuliyyəti bir struktur daşısın. Biz də lazım gəlsə bu strukturdan soruşmalıyıq ki, niyə bu ixtisasa tələbə az gəldi və ya niyə bura gələn tələbələrin keçid balı azdır və s. Bu günkü struktur ona imkan vermir. Dəyişikliklər isə təhsilin keyfiyyətini artırmaqda müsbət rol oynayacaq.