Rektor Maksimtsev: “UNEC-in islahat təcrübəsi uğur modelidir”

05 DEKABR 2017 | VIEWS:
2428

UNEC-in rektoru, professor Ədalət Muradov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən “Avrasiya iqtisadi perspektivi” V Beynəlxalq Avrasiya İqtisadi Forumunda iştirak edib.

Forum çərçivəsində “Avrasiya humanitar əməkdaşlığı: Təhsil, elm və mədəniyyət” mövzusunda plenar iclas təşkil edilib. Tədbirdə MDB məkanı üzrə elmi istinad indeksi institutunun yaradılması, universitetlərin təhsil və elm sahəsində qarşılıqlı əlaqələrinin dərinləşməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Avrasiya Universitetlər Assosiasiyasının icra komitəsinin sədri, professor Aleksandr Vladimiroviç Sidoroviç UNEC-in fəaliyyətinə diqqət çəkərək, bu ali təhsil ocağının uğurlarını rəğbətlə izlədiyini bildirib. UNEC-in regionda və dünyada nüfuzunun sürətlə artdığına diqqət çəkən professor, universitetin inkişaf strategiyasının doğru müəyyən edildiyini və bu təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb. Tədbirdə iştirak edən Rusiyanın tanınmış iqtisadçı alimləri UNEC-in Rus İqtisad Məktəbinin fəaliyyətini yüksək qiymətləndirərək, pedaqoji fəaliyyətlərini burada davam etdirməkdən məmnun olacaqlarını bildiriblər.

Rektor Ə.Muradov forum çərçivəsində Sankt-Peterburq Dövlət İqtisad Universitetində də olub. Universitetin rektoru, professor İqor Anatoleviç Maksimtsev nailiyyətlərini yaxından izlədiyi UNEC-in islahat təcrübəsini uğur modeli adlandırıb. O, UNEC-də tətbiq edilən yenilikləri ali təhsil səviyyəsində mütərəqqi addım hesab etdiyini bildirib. Sankt-Peterburq Dövlət İqtisad Universitetinin kitabxanası ilə tanış olan Ə.Muradov yaxın zamanda Azərbaycanda ilk dəfə olaraq UNEC-də 7 gün 24 saat fəaliyyət göstərəcək müasir kitabxananın tələbələrin istifadəsinə veriləcəyini diqqətə çatdırıb. Professor İ.A.Maksimtsev yeni yaradılan kitabxananın fəaliyyəti ilə tanış olmaq, ümumiyyətlə, UNEC təcrübəsini öyrənmək məqsədilə Bakıya səfər etməyi planlaşdırdığını bildirib. Görüşdə ikili diplom proqramı barədə razılaşma əldə edilib.

UNEC rektorunun növbəti görüşü isə “Müasir iqtisadiyyatın problemləri” Avrasiya beynəlxalq elmi-analitik jurnalının baş redaktoru N.F.Qazizullin ilə olub. Baş redaktor UNEC brendinin beynəlxalq aləmdə qısa zamanda tanındığına diqqət çəkərək, bu təcrübəni dünyanın elm və təhsil ictimaiyyəti ilə paylaşmağın zərurətini vurğulayıb. O, “Müasir iqtisadiyyatın problemləri” jurnalının xüsusi buraxılışının UNEC-ə həsr ediləcəyini bildirib.

Görüşlərdə UNEC-in elmi tədqiqat universitetinə çevrilməsi istiqamətində tətbiq edilən yeniliklər xüsusi vurğulanıb. Ali təhsil ocağının ictimaiyyətə açıq olması, ölkədə və regionda baş verən iqtisadi proseslərə öz proqnozları ilə çevik reaksiya verən UNEC ekspertlərinin fəaliyyəti yüksək qiymətləndirilib.

2429 1