UNEC tələbələri Litva universitetində Xocalı faciəsindən danışıb

24 FEVRAL 2017 | VIEWS:
2569

Təhsil nazirinin imzaladığı “Təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsi barədə” tədbirlər planına əsasən, fevralın 24-də UNEC-in bütün tədris binalarında, Zaqatala filialı və Maliyyə İqtisad Kollecində ilk dərslər Xocalı soyqırımına həsr olunub. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra professor və müəllimlər Xocalı soyqırımının təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı cinayət olduğunu bildiriblər. Tələbələrə bu faciəni unutmamağı, soyqırımın, eləcə də Dağlıq Qarabağ münaqişəsinin, Azərbaycan həqiqətlərinin geniş ictimaiyyətə çatdırılması üçün təbliğat kampaniyalarında, sosial şəbəkələrdə aktiv olmağı tövsiyə ediblər.

Əmtəəşünaslıq fakültəsində “Xocalı soyqırımı – qan yaddaşımızdır” adlı maarifləndirici tədbir təşkil olunub. Fakültə dekanı dosent Tofiq Osmanov “Humanitar fənlər” kafedrasının professoru Hidayət Cəfərov tələbələrə Xocalı həqiqətləri barədə tarixi faktlara əsaslanan məlumatlar çatdırıb, faciənin törətdiyi fəsadlardan danışıblar. Məruzələrdən sonra iştirakçılar Xocalı faciəsini əks etdirən fotostendə baxış keçiriblər. Tələbələr soyqırım barədə şeirlər səsləndirib. Sonda isə “Xoca” filmi izlənilib.

Texnologiya və dizayn fakültəsində “Rus dili” kafedrasının müəllimləri “Xocalı – əsrin faciəsi” mövzusunda konfrans-dərs keçib. Kafedranın baş müəllimi Zeynəb Hüseynova ermənilərin Xocalıda törətdiyi vəhşiliklərdən danışıb. Sonra soyqırımla bağlı videoçarx nümayiş olunub.

Xocalı soyqırımının əcnəbi və xarici tələbələrə çatdırılması məqsədilə UNEC-lə Litvanın Mykolos Romeris univesiteti arasında telekörpü təşkil edilib. Telekörpüdə UNEC-də ingilis dilində təhsil alan yerli və əcnəbi tələbələr və Litvanın Mykolos Romeris univesitetində ikili əməkdaşlıq çərçivəsində bir semestrlik təhslini davam etdirən UNEC-in 4 tələbəsi və Litva universitetinin professoru iştirak edib. Beynəlxalq Əlaqələr Departamentinin direktoru Anar Kazımov professor və tələbələrə Xocalı faciəsi haqqında məlumat verib. Faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib.

2570 3