1952-ci ildə Gəncə şəhərində anadan olmuşdur.
1973-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə, sonra isə Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunu bitirmişdir.
1977-ci ildə Rusiya Federasiyasının Çelyabinsk şəhərində Aqrar Universitetin əyani aspiranturasına daxil olmuş və 1981-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.
1981-ci ildə Azərbaycan Texnologiya Universitetində işə başlamış, 1988-ci ildə isə dosent vəzifəsinə seçilmişdir. 1989-cu ildə Ərzaq məhsullarının texnologiyası fakultəsinə dekan müavini təyin olunmuş, 1991-ci ildə isə həmin fakultənin dekanı vəzifəsinə seçilmiş və 2000-ci ilə kimi həmin vəzifədə çalışmışdır.
1982-ci ildə ixtirasının geniş tətbiqinə görə “SSRİ ixtiraçısı” adına və pul mükafatına layiq görülmüşdür. 1986-cı ildə Azərbaycan Ali Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunmuşdur. 1986-cı ildə Moskva Yeyinti Sənayesinin Texnologiyası İnstitutunda, 1998-ci ildə isə Hindistanın Dehli şəhərində «Sahibkarlıq və kiçik biznesin inkişafı» üzrə ixtisasartırma kurslarını bitirmişdir.
1997-ci ildə Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının (Sankt-Peterburq), 1999-cu ildə isə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
2009-cu ildə doktorluq dissertasiyası müdafiə edərək, texnika elmləri doktoru alımlık dərəcəsi almış, 2014-cü ildə isə professor elmi adına layiq görülmüşdür.
2007-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin «İstehlak mallarının ekspertizası» kafedrasında çalışır. Hazırda «Mühəndislik və tətbiqi elmlər» kafedrasının professoru, texnika elmləri doktorudur.
2011-ci ildən 2017-ci ilə kimi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının texnika elmləri üzrə Ekspert Şurasının üzvü olmuşdur.
*
116 elmi əsərin , o cümlədən 10-a yaxın impakt faktorlu (Web of Science və Scopus bazalarına daxil olan) nüfuzlu xarici jurnallarda olmaqla elmi məqalənin, 4 ixtiranın, 2 monoqrafiyanın, 7 dərs vəsaitinin, 1 tövsiyənin, 20 metodik göstərişin müəllifidir. Əsərləri Rusiyada, Norveçdə, Almaniyada, Avstriyada, Kanadada, İslandiyada, Portuqaliyada, İspaniyada, Özbəkistanda, Türkiyədə, Gürcüstanda, İranda, Ukraynada, Belarusiyada nəşr olunub.
2017-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində fəaliyyət göstərən dissertasiya şurasının üzvü təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Ailəlidir, üç övladı var.