UNEC-də Çin dili kursunu uğurla bitirən məzunlara sertifikatlar təqdim olunub

14 İYUL 2021 | VIEWS:
887

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunmuş distant Çin dili kurslarını uğurla bitirən məzunlara sertifikatların təqdim edilməsi mərasimi keçirilib.

Tədbirdə Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min, millət vəkili Soltan Məmmədov, Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan UNEC-in prorektoru dosent Anar Rzayev 2019-cu ildən UNEC-də distant formada başlayan Çin dili kurslarının 3-cü mərhələsinin uğurla yekunlaşdığını bildirib. Çin dilinin tədrisinin bundan sonra da davam etdiriləcəyini deyən prorektor göstərdikləri dəstəyə görə Heydər Əliyev Fonduna, Çinin ölkəmizdəki səfirliyinə, Konfutsi İnstitutuna, Pekin Dövlət Universitetinə  təşəkkürünü bildirib.

Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min Azərbaycanla Çin arasındakı dostluq münasibətlərinin  bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də uğurla inkişaf etdiyini deyib. Azərbaycanda Çin dilinə marağın artdığından məmnunluğunu ifadə edən xanım səfir, bunun hər iki ölkə arasındakı dostluq münasibətlərinin daha da genişlənməsinə töhfələr verəcəyini vurğulayıb. Kursu bitirən məzunları təbrik edən xanım Qo Min onları Çinə səfərə dəvət edib.

Millət vəkili Soltan Məmmədov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkədə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan Çin dili kurslarının bu istiqamətdə önəmli rol oynadığını vurğulayıb. O, qeyd edib ki, layihə iki ölkə arasında yüksək səviyyədə olan iqtisadi, mədəni əlaqələrə müsbət təsir göstərəcək. Millət vəkili UNEC-də Çin dili kurslarının yüksək səviyyədə təşkilindən söz açaraq, bu ali təhsil müəssisəsinin ölkədə distant təhsil sahəsində də böyük uğurlar əldə etdiyini vurğulayıb.

Tədbirdə iştirak edən Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev, Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov kursu uğurla bitirən məzunları təbrik edərək, layihənin Azərbaycan və Çin arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyini bildiriblər.

Sonda kursu bitirən məzunlara sertifikatlar təqdim olunub.

*

https://news.unec.edu.az/xeber/125-universitet/7682-bold-red-unec-de-chin-dili-kursunu-ugurla-bitiren-mezunlara-sertifikatlar-tegdim-olunub-bold-red

888 1