UNEC eksperti, “İqtisadiyyat və işlətmə” kafedrasının müəllimi Araz Aslanlı 20 Yanvar faciəsini ildönümü ilə bağlı Türkiyənin TRT Avaz kanalına müsahibə verib.
Şəhidlər Xiyabanından canlı yayımlanan proqramda A.Aslanlı bildirib ki, 20 yanvar, XIX əsrin əvvəlindən etibarən sərt şəkildə əsməyə başlayan “şimal küləyi”nin qarşısında əbədi milli səddin hörüldüyü gecədir. Yəni, bu, bir mərhələnin sonudur. 20 yanvar, Anadoludakı Qurtuluş Savaşı ruhunun Qafqazlardakı təzahürüdür. Milli kimliyimizin formalaşması prosesinin vacib parçasıdır. Heç bir gücün açıq şəkildə qarşısına çıxmağa cəsarət etmədiyi bir imperiyaya meydan oxumaqdır. Bunun ən böyük nümunəsi də bu 22 yanvar – şəhidlərin dəfn günü mənzərəsidir. Öldürülərək qorxudulmağa çalışılan millətin 10 qat daha çox fərdinin meydanlara çıxmasıdır.
20 yanvar eyni zamanda bir başlanğıcdır. Müstəqilliyin bərpası yolunun hərbi-siyasi başlanğıcı. 20 yanvar zülmdür, amma həm də zülmə müqavimətdir. 20 yanvar qəhrəmanlıqdır, işğal altındakı ərazilərimizin taleyi ilə barışılmayacağımızın, ərazilərimizin gec-tez azad ediləcəyinin təminatıdır.
*