2015/2016-cı tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) 51 əcnəbi tələbə qəbul olunub. Onlardan 21-i əcnəbi tələbələr üçün hazırlıq kurslarını, 19-u bakalavr, 3-ü maqistratura, 7-si MBA, 1-i isə doktorantura təhsilini seçiblər.
Xarici tələbələr əsasən dünya iqtisadiyyatı və maliyyə ixtisaslarına üstünlük veriblər. Tələbələr arasında daha çox Nigeriya vətəndaşları üstünlük təşkil edir – 21 nəfər. Ümumilikdə isə, UNEC-də təhsil alacaq əcnəbi tələbələr Rüsiya, Türkiyə, Özbəkistan, Gürcüstan, Tatarıstan, İran, Kuveyt və Pakistan vətəndaşlarıdır.
Əcnəbi tələbələrin UNEC-ə qəbul prosesi bu ildən etibarən yalnız elektron formada aparılır. Bu məqsədlə yaradılan http://admission.unec.edu.az/ səhifəsi vasitəsi ilə 85 elektron müraciət qəbul olunub. Müraciətlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 may, 2015-ci il tarixli, 125 saylı qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın tələblərinə əsasən yoxlanılıb. Bundan sonra tələblərə cavab verən müraciətçilərlə skype vasitəsi ilə onlayn müsahibələr təşkil olunub. Sonda UNEC-də təhsil almaları uyğun hesab edilən 51 nəfər seçilib.
Hazırda UNEC-də 225 əcnəbi tələbə təhsil alır.