UNEC-in Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzində (DQƏTM) “Azərbaycan ərazisində pulların və pul dövriyyəsinin tarixi təkamülü” mövzusunda “dual dərs” keçirilib. “Dual dərs”i UNEC-in “Humanitar fənlər” kafedrasının professoru Abbas Seyidov ilə DQƏTM-nin direktoru Səbuhi Tanrıverdiyev tədris edib.
A.Seyidov Azərbaycan ərazisində ilk dəfə metal pullar kimi gümüş pulların Makedoniyalı İskəndərin dövründə meydana gəldiyini, eramızdan əvvəl 3-cü əsrdən başlayaraq qədim Azərbaycan ərazisində – Atropatena və Qafqaz Albaniyasında ilk dəfə olaraq öz tədavül vasitəsi olan – gümüş pulların kəsilməsinə başlanıldığını bildirib. Pulun tarixindən bəhs edən professor 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan sonra, 1919-cu ilin birinci rübündə, 7 mart tarixində Dövlət Bankının yaradılması haqqında qərar qəbul edildiyini diqqətə çatdırıb və 30 mart tarixində Azərbaycan Höküməti adından ilk pul nişanı olan 100 manatlıq əskinaslar buraxıldığını deyib.
S.Tanrıverdiyev tələbələrə pulun müxtəlif mal və xidmətlərin dəyərlərinin ölçülməsi, müqayisə edilməsi üçün ən mükəmməl vasitə kimi istifadə olunduğunu, həmçinin mal və xidmətlərin hərəkətində ideal vasitəçi rolunu oynamaq qabiliyyətinə malik olduğunu bildirib, pulun dünya pulu funksiyası, tədiyyə və tədavül vasitəsi, yığım və dəyər ölçüsü olmasıından söz açıb.
Tələbələrin marağına səbəb olan “dual dərs” fikir mübadiləsi ilə davam edib.