UNEC magistrləri müzakirə edir: “İnformasiya sistemlərinin və texnologiyalarının müasir problemləri”

13 APREL 2018 | VIEWS:
3127

UNEC-də “İnformasiya sistemlərinin və texnologiyalarının müasir problemləri” mövzusunda dəyirmi masa keçirilib.

İnformasiya iqtisadiyyatı və texnologiyaları” və “İnformatika” kafedralarının birgə təşkil etdiyi dəyirmi masada Magistratura Mərkəzinin tələbələri iştirak ediblər.

“İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasının dosenti Təranə Əliyeva Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xərtiəsindən irəli gələn vəzifələrdən bəhs edərək, dəyirmi masanın keçirlmə məqsədləri və mövzusunun aktuallığı barədə məlumat verib.

Magistratura Mərkəzinin direktoru, professor Qabil Manafov yüksək göstəricilərə malik inkişaf etmiş iqtisadiyyatın mühüm tərkib hissəsi olan informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin ÜDM-in, yeni iş yerlərinin sayının, eləcə də, sənaye sahəsində məhsuldarlığın artmasına, sosial problemlərin həllinə və insan kapitalının inkişafına təkan verməsindən bəhs edib. O, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivləri üzrə Strateji Yol Xəritəsində nəzərdə tutulmuş yeni iqtisadi inkişaf yanaşmasına keçid yollarını və vəzifələrini sadalamaqla İKT-nin qeyri-neft sektorunun prioritet istiqamətlərindən birinə çevrilməsi ilə həyata keçiriləcək məqsədlərin zəruriliyini xüsusi vurğulayıb.

Tədbirdə Magistratura Mərkəzinin II kursunda uyğun olaraq “İnformasiya sistemləri” və “İdarəetmənin informasiya texnologiyaları” ixtisasları üzrə təhsil alan Günay Abdinzadənin və Nemət Nemətlinin çıxışları maraqla qarşılanıb. G.Abdinzadə informasiya texnologiyalarının inkişafında bu sahə ilə məşğul olan personalın hazırlanması və öyrətmə informasiya texnologiyalarının keyfiyyəti, müxtəlif regionlar arasında əhalinin informativlik səviyyəsinin müxtəlifliyi və proqram təminatının mürəkkəbləşməsi kimi qarşıya çıxan problemlərdən danışıb. N.Nemətli isə öz çıxışında hər bir müəssisə və ya təşkilatın qarşısında duran əsas problem kimi informasiya sistemləri və texnologiyalarının təhlükəsizliyinin təmin edilməsi məsələsinə toxunub, dünyanın müxtəlif ölkələrinin dövlət strukturlarının zərərverici proqramlardan kibersilah kimi istifadə etməsindən bəhs edib.

Dəyirmi masada UNEC-in Magistratura Mərkəzinin məzunları – UNEC Elektron İdarəetmə Mərkəzinin texniki xidmət şöbəsinin əməkdaşları – Həsən İsmayılov və Şahmar Həsənov da iştirak edib. H.İsmayılov gənc magistrantları UNEC-də Elektron Universitet modelinin reallaşdırılması ilə əlaqədar çalışdığı dövrdə qarşılaşdığı ciddi problemlərlə tanış edib. O, informasiya sistemlərinin təşkili və onlardan istifadə sahəsində qazandığı bilik və təcrübəsindən danışaraq gənc həmkarlarına ixtisas üzrə biliklərinin artırılması istiqamətində dəstək ola biləcək təklifləri ilə müraciət edib.

“İnformatika” kafedrasının müdiri Hafiz Bayramov hər iki kafedrada “Kompüter elmləri” ixtisası üzrə hazırlanan magistrlərə öz dəyərli tövsiyələrini verib. Mövzu ətrafında müzakirələrdə “İnformatika” kafedrasının müəllimləri – dosent İ.Musayev, dosent H.Əsgərov və “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasının müəllimi A.Əbilova da öz fikirlərini bölüşüb.

3128 1