“Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünün qeyd edilməsi ilə bağlı” UNEC rektorunun imzaladığı əmrə uyğun olaraq, Ulu öndərin ildönümü ərəfəsində tələbələrin Heydər Əliyev Fondu və Mərkəzinə ekskursiyası başlayıb.
Mayın 2-də UNEC-in Biznes və Menecment fakültəsinin və SABAH qruplarının tələbələri Heydər Əliyev Mərkəzində olublar.
Tələbələrə Heydər Əliyev Mərkəzi barədə ətraflı məlumat verilərək bildirilib ki, mərkəz müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, ulu öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. Həmçinin mərkəz Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına xidmət edən layihələr həyata keçirir.
Nadir memarlıq nümunələrindən biri olan və çoxfunksiyalılığı ilə seçilən bu mərkəz artıq dünya memarlığı siyahısına daxil edilib. Burada rəsmi qəbullar, müxtəlif beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.
Mərkəzdə yaradılan Heydər Əliyev Muzeyi ilə tanışlıq tələbələrin marağına səbəb olub. Onlar öncə 1969-cu ildən 2003-cü ilədək Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxıblar. Ümummilli Liderin həyat yolu, Ulu Öndər barədə maraqlı faktlar, foto və videomateriallarla tanış olublar.
UNEC tələbələri Heydər Əliyev Mərkəzindən zəngin təəssüratlarla ayrılıblar. Həftə ərzində UNEC-in digər fakültələrinin tələbələrinin Heydər Əliyev Mərkəzinə səfəri davam edəcək.
Qeyd edək ki, “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünün qeyd edilməsi ilə bağlı” imzalanan əmrə əsasən, UNEC-də tələbə elmi konfransların, müsabiqə, intellektual oyun, idman yarışları və digər tədbirlərin keçirilməsi də nəzərdə tutulub.