Ölkədə mütaliə mədəniyyətini inkişaf etdirmək, eyni zamanda qədim ənənələrə söykənən Novruzda kitab oxumaq vərdişini gündəmə gətirmək məqsədi daşıyan “Kitab at!” layihəsi çərçivəsində UNEC-in tələbələrinin topladığı kitablar bayram sovqatı kimi evlərə paylanır. UNEC-in dəstəyi, “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən layihəyə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində start verilib.
UNEC tələbələri öncə kəndin girəcəyində aprel şəhidlərinin xatirəsinə ucaldılan abidəni ziyarət edərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Sonra UNEC-in nümayəndə heyəti Cocuq Mərcanlı kəndində yerləşən tam orta məktəbdə qeyd olunan Novruz şənliyinə qatılıblar. Məktəbdə 24 ildən sonra ilk dəfə qeyd edilən bayram şənliyində çıxış edən UNEC-in rektor köməkçisi Ramil Cabbarov müəllim və şagirdlərə rektor, professor Ədalət Muradovun təbriklərini çatdırıb. Sonra şagirdlərə və məktəbin kitabxanasına kitablar hədiyyə olunub. Məktəbin direktoru Zamin Həziyev göstərdikləri diqqətə görə UNEC-in kollektivinə təşəkkür edərək, “Kitab at!” layihəsini özündə mütərəqqi ideyalar daşıyan bir aksiya kimi yüksək dəyərləndirib.
UNEC tələbələri Cocuq Mərcanlı sakinləri üçün xüsusi olaraq uşaq ədəbiyyatı, şeir və romandan ibarət 30 adda 100 yeni kitabı evlərə paylayıblar.
Layihə bayram günlərində davam edəcək. Tələbələr beş min bədii ədəbiyyat nümunəsini Bakı, Sumqayıt, Gəncə və Şəmkir sakinlərinə bağışlayacaqlar.