Azərbaycan Dövlət İqtisad Universitetinin tarix muzeyi 4 yanvar 1985-ci il rektorun əmrinə əsasən yaradılmışdır.
Tarix Muzeyi UNEC-in rektorunun tabeçiliyindədir. Muzey 2001-ci ildən etibarən özünün ekspozisiya göstəriciləri və fondlaşdırma sisteminə görə müstəqil hüquqlu müəssisə olaraq dövlət müəssisəsi adlanır.
UNEC-in Tarix Muzeyi haqqında Əsasnamə 16 iyul 2000-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı hüquqi şəxslərin qeydiyyat şöbəsində qeydiyyatdan keçmişdir. Bu Əsasnamə, həmçinin 4 noyabr 2000-ci ildə universitetin Elmi Şurasında təsdiq edilmişdi.
Muzey aşağıdakı tematik bölmələrdən ibarətdir:
Bu bölmələrdə Universitetin həyatı ilə bağlı sahələrin aşkara çıxarılmasına, iqtisadi-mədəni göstəricilərini dolğun əks etdirən materialların toplanılmasına daha çox diqqət yetirilmişdir. Bu baxımdan universitetin «Tarix muzeyi» mədəni irsimizin qorunmasında əhəmiyyətli rol oynayır.
Universitetin «Tarix muzeyi» bir sıra sosial funksiyaları: sənədləşdirmə, mühafizə, tədqiqatçılıq, təlim-tərbiyə və tədris işinin keyfiyyətinin yüksəldilməsini və s. yerinə yetirir, bu işlərin həyata keçirilməsində muzeyin əsaslı fondundan geniş istifadə olunur.
Muzey 7 baş fonddan, o cümlədən 1500 əsas və 500 köməkçi fonddan ibarətdir.
Muzeyin strukturu – foto və kino sənədləri, elmi və təhsil-metodiki nəşrlər, multimediya vasitələri, çap materialları, əməkdaşların şəxsi əşyaları, universitetin mükafatları, universitetə və muzeyə verilən hədiyyələr, eksponatlardan ibarətdir.
Azərbaycan Dövlət İqtisad Universitetinin «Tarix muzeyi» üç salondan ibarətdir:
Birinci salonda Azərbaycan Respublikasının sabiq prezidenti, Ulu Öndərimiz Heydər Əliyevin respublikanın muzeylərinə aid dəyərli müddəaları ekspozisiyanın ümumi görünüşünü daha da canlandırır, ekskursiyaya gələnləri muzeyin eksponatları ilə yaxından tanış edir:
– güman edirəm ki, muzey… xalqımızın, xüsusən gənc nəslin təlim-tərbiyəsində və mədəniyyətimizin inkişafında öz rolunu oynayacaqdır… xalqımızın mənəvi saflaşmaq yolunda, müstəqillik yolunda mübarizəsinə kömək edəcəkdir. (Heydər Əliyev)
Həmin salonun ikinci bir guşəsinə “Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasının tarixindən səhifələr” adı verilmişdir. Üçüncü bölmə “Azərbaycan Dövlət İqtisad Universitetinin təşkil olunması tarixindən səhifələr”, dördüncü bölmə isə «Universitetin rektorları» adlanır. Bu bölmədə 15 rektorun şəkli, tərcümeyi-halı və onların şəxsi əşyalarından nümunələr verilmişdir. Eyni zamanda birinci salonda 1966-1986-cı illərdə universitetin keçmiş müttəfiq respublikalarının ali məktəbləri ilə elm və təhsil sahəsində qarşılıqlı əlaqəliliyin rəmzi olan medallar və nişanlar əks olunmuşdur.
Həmin mükafatlara misal olaraq Beynəlxalq Reytinq Texnologiyaları Akademiyası tərəfindən «Qızıl Fortuna» XXI əsrin keyfiyyət nişanı; Avropanın tanınmış universitetləri arasında aparılan sorğu nəticəsində Avropa Biznes Asambleyası, Avropa Universitetləri, Avropa rektorları Klubu və Oksford Universitetləri, Avropa rektorları Klubu və Oksford Universiteti tərəfindən təsis olunmuş Avropa Keyfiyyət Mükafatı; 2006-cı ildə «Elmin inkişafına və milli kadırların hazırlanmasında tövsiyyəsinə görə» Uğur Milli Mükafatı; 2007-ci ildə «İlin Universiteti» Milli Mükafatı; «İntellekt 2007» ilin layihəsi mükafatı (elektron-kitabxana layihəsi); Türk dünyasına və türk mədəniyyətinə xidmət mükafatı; Beynəlxalq kadr akademiyasının qızıl medalı, Dədə Qorqud qızıl medalı və «Minilliyin» Beynəlxalq diplomunu göstərmək olar.
Muzeyin əsas ekspanatlarından biri də 2007-ci il fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın UNEC-in yeni tədris binasının açılış mərasimində iştirakına aid olan foto materiallar və Prezidentin universitetin fəaliyyətinə verdiyi dəyərli kəlamlardır.