Bir qrup valideyn Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub. Dərs prosesini yaxından izləyən valideynlər kafedra müdirləri və müəllimlərlə görüşərək, öz müşahidələrini bölüşüblər, təkliflərini veriblər.
Tələbələrin valideynləri universitetdə tədris prosesi, kitabxana, idman zalları, tələbələrin asudə vaxtlarını keçirmələri üçün yaradılan şəraitlə daha çox maraqlanıblar.
UNEC haqda ümumi məlumat verən Biznes və menecment fakültəsinin dekanı dos. Mirağa Əhmədov bildirib ki, yeni tədris ilində universiteti seçən gənclərin sayı dəfələrlə artıb. Bunun əsas səbəbi təhsilin keyfiyyətinin artırılması sahəsində universitetdə görülən işlərdir. Qeyd edib ki, UNEC valideynlərlə sıx əməkdaşlığa xüsusi diqqət edir. İstənilən valideyn, tələbənin yaxınları istədikləri vaxt universitetə gələrək dərslərdə iştirak edə və fikirlərini bildirə bilərlər.
Sonra valideynlərə “Differensial əmək haqqı sistemi, “Elektron universitet” modeli, UNEC-də magistratura səviyyəsində tədrisin yeni standartları, “Lider müəllim-Lider universitet”, “Tədrisin keyfiyyəti tələbələrin gözü ilə” və digər layihələr haqqında ətraflı məlumat verilib.
Radio UNEC-də olan valideynlər universitetlə bağlı təəsüratlarını canlı efirdə dinləyicilərlə bölüşüblər.