UNEC Biznes Məktəbinin MBA proqramının üstünlükləri: SUAL-CAVAB

18 MAY 2020 | VIEWS:
3969

  1. UNEC-də MBA proqramına hansı ixtisaslaşmalar üzrə qəbul aparılır və tədris hansı dillərdədir?

-UNEC Biznes Məktəbində tədris 3 dildə (azərbaycan, rus, ingilis) dünyanın aparıcı universitetlərinin MBA proqramlarına uyğun olaraq aparılır.

UNEC Biznes Məktəbində 3-ü yeni olmaqla 20 ixtisaslaşma üzrə qəbul həyata keçirilir: Beynəlxalq biznes; Biznesin idarə edilməsi (ümumi təyinatlı); Biznes və data analitikası; İnsan resurslarının idarə edilməsi; Maliyyə; Marketinq; Menecment; Mühasibat uçotu; Qiymətlı kağızlar; Layihələrin idarə edilməsi; İdmanın idarə edilməsi; Bank və sığortanın idarə edilməsi; Mühəndislik və idarəetmə riskləri; Risklərin idarə olunması; Səhiyyənin idarəedilməsi; Turizm və otelçiliyin idarəedilməsi; Sosial media marketinqi; Beynəlxalq logistika və təchizat zəncirinin idarəedilməsi (yeni); Kiber təhlükəsizlik (yeni); Vergi idarəetməsi və vergi planlaşdırması (yeni).

  1. MBA proqramının üstünlükləri nədir, bu proqram öz məzunlarına nə qazandırır?

– MBA Proqramı məzunlarına rəhbərlik keyfiyyətlərini təkmilləşdirmək, sistemli bilik, bacarıq və işgüzar idarəetmə vərdişlərini yüksəltmək, iхtisaslarını davamlı olaraq artırmaq, müasir biznes informasiyalarını araşdırmaq, analitik düşünmə və qərarvermə qabiliyyəti qazanmaq hüququ verir, eləcə də onların müəssisə və təşkilatların idarə olunmasında məsul vəzifələr tutmasına imkan yaradır.

  1. Tədris prosesi kimlər tərəfindən aparılır və biznes mühitinin nümayəndələri tədrisə cəlb olunurlarmı?

-UNEC Biznes Məktəbində çalışan 100-dən artıq professor-müəllim heyətinin əksəriyyəti ABŞ, Kanada, Avstraliya, İngiltərə, Almaniya, İtaliya, İsveç, Fransa, Türkiyə, Rusiya və digər ölkələrin ən qabaqcıl universitetlərinin məzunlarıdır. Eyni zamanda dövlət qurumlarının, aparıcı şirkətlərin, iş dünyasının rəhbərləri, aparıcı mütəxəssisləri tədrisə cəlb olunurlar.

Tədris prosesinin 20 faizi nəzəri, 80 faizi  praktiki keçirilir. Fənlər dünyanın ən qabaqcıl ali təhsil müəssisələrinin proqramlarına uyğunlaşdırılıb və seçmə fənlərin seçimində magistrlər sərbəstdirlər.

  1. UNEC Biznes Məktəbinin MBA proqramı dünya universitetlərinin tədris planlarının standartına cavab verirmi?

-Bəli. UNEC Biznes Məktəbinin MBA proqramının Tədris planı regional və beynəlxalq tələblərə cavab verir. Bununla bağlı Amerikanın Qərbi Texas A&M Universiteti və Park Universiteti, Almaniyanın Drezden Texniki Universiteti, Kanadanın Vaterlo Universiteti və İsveçrənin UBIS Universitetinin rəsmi rəyləri var. Rəylərdə məzunların üç əsas xüsusiyyətə: – kreativlik, dürüstlük və sistemli düşüncə tərzinə fokuslandığını bildirilib.

  1. UNEC MBA proqramı üzrə hansı xarici universitetlərlə ikili diplom və mübadilə proqramları reallaşdırılır?

-UNEC ABŞ-ın Linkoln Universiteti, İsveçrənin UBİS (University of Business and International Studies), Fransanın Montpellier və Litvanın Mikolas Romeris Universiteti (MRU) ilə ikili diplom proqramı reallaşdırır.

Almaniyanın Yena Fridrix Şiller Universiteti ilə mübadilə proqramı həyata keçirir.

  1. UNEC-in MBA proqramını bitirənlər həmin diplomla doktorantura təhsili ala bilərlərmi?

-Bəli. 2020/2021-ci tədris ilindən etibarən UNEC-də MBA proqramında təhsil alan magistrlərə könüllük əsasında 2 seçim şansı yaradılır. Doktorantura pilləsində təhsilini davam etmək istəyənlər ərizə ilə rəsmi qaydada müraciət edirlər. Onlar I kursdan etibarən dissertasiya işi götürürlər. Doktorantura pilləsində təhsil almaq istəməyənlər isə əlavə olaraq 2 seçmə fənn və “Strateji menecment” fənnini qəbul etməlidirlər. Hər iki seçimi edən magistrantlar 120 kredit qazanmaqla magistr diplomu əldə etmiş olurlar.

  1. UNEC-də MBA məzunlarının xarici əmək bazarına çıxışı üçün hansı imkanlar yaradılıb?

– UNEC Biznes Məktəbi EFMD təşkilatının tamhüquqlu üzvü olduğu üçün magistrlər EFMD-nin “HIGHERED – Global Talent Network” işə düzəlmə şəbəkəsi vasitəsilə ölkə hüdudlarından kənarda da əmək bazarına çıxış əldə edə bilirlər. Bunun üçün magistrlər UNEC Biznes Məktəbinin  qlobal portalına daxil olmaqla qeydiyyatdan keçməlidirlər.

  1. UNEC Biznes məktəbinə əcnəbi qəbulu necə aparılır?

– UNEC Biznes Məktəbinin MBA Proqramına əcnəbilərin qəbulu elektron qaydada aparılır. Sənədlər 05 may – 15 sentyabr 2020-ci il tarixinədək [email protected] e-mail-ə göndərilməlidir.

  1. UNEC Biznes Məktəbi Amerikanın nüfuzlu ACCA ((Diplomlu və Sertifikatlı Mühasiblər Assosiasiyası) təşkilatının üzvüdür. Bu, magistrlərə hansı üstünlüyü qazandırır?

-UNEC magistratura və bakalavr pilləsi üzrə ACCA təşkilatının üzvüdür. ACCA dünyanın nüfuzlu təşkilatlardan biri olmaqla, 170 ölkə tərəfindən tanınır və 500 mindən artıq üzvü var. UNEC Biznes Məktəbinin MBA Proqramının “Müha­si­­bat uçotu” ixtisaslaşması ACCA təşkilatında mühasibat və audit ixtisaslaşması üzrə peşəkar səviyyəli akkreditasiya edilib. MBA proqramı üzrə “Mühasibat uçotu” ixtisaslaşmasını bitirən magistrlər ACCA akkreditasiyasının fundamental hissəsinin F1-F9 fənlərindən azad olunurlar. Digər ixtisasların magistrləri isə F1-F4 fənlərindən azad olunur­lar.

Həmin fənlərdən azad olmaq və bu kvalifikasiyanı əldə etmək əmək bazarında fəaliyyət göstərən beynəlxalq institutlarda və peşəkar təlim mərkəzlərində ən azı 2 il vaxt və kifayət qədər investisiya tələb edilir. UNEC-in MBA məzunları isə ACCA akkreditasiyasını əldə etməklə ölkədə və xaricdə karyera qurmaq imkanı əldə etməklə yanaşı, əlavə vaxt itkisindən və xərclərdən azad olunurlar.

  1. MBA proqramında dərs cədvəli necə qurulub?

-MBA proqramında təhsilalanların əmək fəaliyyətilə məşğul olduğunu nəzərə alaraq, dərslər axşam saatlarında təşkil edilir. Dərslər saat 18:40-da başlayır və 21:50-də isə bitir. Magistrantlar 2 (iki) gün dərsə gəlirlər. I kurslar üçün dərslər həftənin II və IV günləri, II kurslar üçün həftənin I və III günləridir. Dərslər UNEC-in əsas tədris binasında (İstiqlaliyyət küçəsi 6) aparılır.

  1. UNEC Biznes Məktəbinə qəbulun nəticələri necədir?

-Müvafiq ixtisaslar üzrə MBA proqramına qəbulda ən yüksək pal toplayanlar UNEC Biznes Məktəbini seçirlər. 2019/2020-ci tədris ilində UNEC-in MBA proqramına qəbul planı 100% yerinə yetilib.

http://news.unec.edu.az/xeber/142-magistr/6447-unec-biznes-mektebinin-mba-programinin-ustunlukleri-sual-cavab

3970 2