ADİU əməkdaşları TEMPUS layihəsi çərçıvəsində Avropada səfərdə olub

05 MART 2015 | OXUNUB:
202

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) “Xüsusi qayğıya ehtiyacı olan insanların Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyası üzrə fondun yaradılması” (ESFİDİP layihəsi) adlı TEMPUS layihəsi üzrə işçi qrupu Avropadan olan tərəfdaş universitetlərin müvafiq təcrübəsinin öyrənilməsi məqsədilə Avstriya, Polşa və Yunanıstanda təlim səfərində olub.

ADİU-nu Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı kafedrasının əməkdaşı Sevinc Sakmanlı Yunanıstanın Makedoniya Universitetində, Beynəlxalq əlaqələr departamentinin əməkdaşları Gülşən Vəliyeva Avstriyanın Qraz Universitetində və  Bəyim Nəbiyeva Polşanın Lodz Universitetində təmsil edib.

Səfər zamanı əməkdaşlarımız xüsusi qayğıya ehtiyacı olan insanlar üçün ali təhsil müəssisələrində yaradılan mərkəzin fəaliyyəti, işçi heyətin vəzifə bölgüsü, mərkəzin universitetin əlil tələbələrinə göstərdiyi xidmətlər, reabilitasiya mərkəzi, kitabxana və auditoriyalarda əlil tələbələr üçün yaradılan şəraitlə tanış olublar. Həmçinin, əlil tələbələrin tədrisə cəlbi, onlarla işin təşkili, təcrübə proqramlarında iştirakı, tədris aldıqları müddətdə onlara göstərilən xidmətlər və s. haqqında məlumatlar əldə ediblər.

Nümayəndə heyəti Azərbaycanın Polşadakı səfirliyinin və Lodz Universitetində təhsil alan azərbaycanlı tələbələrin Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə təşkil etdikləri anım mərasimində də iştirak ediblər.

Qeyd: Azərbaycanın və Avropanın bir sıra universitetlərinin cəlb olunduğu layihədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak edib. Layihənin icrasının növbəti mərhələsində xüsusi qayğıya ehtiyacı olan insanlar üçün ADİU-da mərkəzin yaradılması və əsasnaməsinin hazırlanması nəzərdə tutulub.

203 2