“Avropa İttifaqı ətraf mühit siyasəti, Qazlaşdırma və Qlobal Cənubla iqtisadi əlaqələrin rolu”

21 OKTYABR 2019 | OXUNUB:
52

UNEC-də “Elm həftəsi”nə start verilib.

“Elm həftəsi” çərçivəsində 5 gün ərzində UNEC-in 5 tədqiqat mərkəzinin hər birində profilinə uyğun olaraq aktual mövzulara həsr olunan müzakirələr aparılacaq.

“Elm həftəsi” çərçivəsində ilk tədbir UNEC Avropa İqtisadiyyatı Mərkəzi ilə təşkil olunub. Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov və universitetin professor-müəllim heyəti ilə yanaşı, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, UNEC Avropa İqtisadiyyatı Mərkəzinin rəhbəri Dr.Elxan Riçard Sadiq-Zadə və digər qonaqlar iştirak ediblər.

Rektor Ədalət Muradov UNEC-in  tədqiqatyönümlü universitetə çevrilməsi istiqamətində görülən işlərdən söz açıb. UNEC-də elmi jurnalların təsis edildiyini, elmi tədqiqatları stimullaşdırmaq məqsədilə 4 ilə yaxındır tətbiq edilən Differensial Əmək Haqqı Sistemində göstəricilərn 70%-nin elmi fəaliyyətlə bağlı olduğunu, nüfuzlu elmi jurnallarda çap olunan məqalələrə görə 4000 manatadək qonorarın təyin edildiyini bildirib. Professor Ədalət Muradov UNEC-də müəllimlərin iki qrupa- pedaqoji fəaliyyətlə məşğul olan müəllimlər və tədqiqatçı müəllimlərə ayrıldığını diqqətə çatdırıb. Tədqiqatçı müəllimlərin əmək haqqının digərlərinə nisbətən 50% artacağını vurğulayıb. UNEC-də müxtəlif elmi tədqiqat istiqamətləri üzrə ixtisaslaşmış tədqiqat mərkəzlərinin yaradıldığından söz açan rektor, əsas məqsədin tədqiqat potensialı olan şəxsləri aşkarlamaq, eyni zamanda xaricdə yaşayan azərbaycanlı alimləri UNEC-də həyata keçirilən tədqiqatlara cəlb etmə olduğunu deyib.

Rektor bildirib ki, belə tədqiqat mərkəzlərindən biri də UNEC Avropa İqtisadiyyatı Mərkəzidir. Mərkəzin rəhbəri Almaniyanın Bochum Ruhr universitetində tədqiqatçı, Kembric Enerji Araşdırma qrupunun üzvü, UNEC-in məzunu Dr. Elxan Riçard Sadiq-Zadədir.

Sonra Dr.Elxan Riçard Sadiq-Zadə “Avropa İttifaqı ətraf mühit siyasəti, Qazlaşdırma və Qlobal Cənubla iqtisadi əlaqələrin rolu” mövzusunda çıxış edib. Qərbi Avropada ətraf mühit probleminin yaranma səbəblərini açıqlayan məruzəçi sənayeləşmə və qlobal iqlim dəyişməsini əsas faktorlar kimi göstərib. Alim problemin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrə təsirini riyazi və iqtisadi modellər əsasında təhlil edib. Bildirib ki, qlobal dəyişiklik daha çox inkişaf etməkdə olan tropik ölkələrə təsir edəcək. Məruzədə alternativ və bərpa olunan enerji mənbələrinə görə iqlim dəyişikliyinin tempinin sürətləndiyi, bunun isə emissiyaların azalmasına gətirib çıxaracağı qeyd olunub, inkişaf etməkdə olan ölkələrin az karbonlu iqtisadiyyata keçmələrinin vacibliyi vurğulanıb. Çıxışda Avropa ətraf mühit siyasətinin prioritetləri, eyni zamanda Avropa İttifaqında yeraltı enerji mənbələrindən yenidən emal enerji növlərinə keçidin fiskal aspektləri açıqlanıb.

E.Sadiq-Zadə təbii qazın emissiyasından, Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətindən söz açıb. Bildirib ki, Balkan ölkələrinin qazlaşdırılması məhz həmin layihəyə əsasən aparılacaq.

Təqdimatdan sonra iştirakçıların ekologiya ilə iqtisadiyyatın qarşılıqlı əlaqələri, “holland sindromu”nun iqtisadiyyata təsiri, elektromobillik, elektrik enerjisinin tətbiqinin artırılmasının ətraf mühitə təsiri və digər sualları cavablandırılıb. Bildirilib ki, BMT-nin hesabatına əsasən, iqlim dəyişikliyi Ümumi Daxili Məhsula 5-10% arasında təsir edir. “Holland sindromu”nun iqtisadiyyata təsirini cavablandıran məruzəçi bu amilin qlobal miqyasda az, lokal miqyasda isə böyük təsirinin olduğunu qeyd edib. E.Sadiq-zadə dünyada alternativ enerji mənbələri kimi külək və günəş enerjisindən istifadənin genişləndirildiyini, gələcəkdə elektromobilin tətbiqinin daha geniş miqyas alacağını deyib.

Tədbirdə çıxış  edən akademik Ramiz Məmmədov son dövrlər Azərbaycanda iqlim dəyişikliyinə diqqət çəkərək ölkədə 60% quraqlığın müşahidə olunduğunu bildirib. Azərbaycanda su təhlükəsizliyinin qlobal miqyasda başlıca problemlərdən biri olduğunu vurğulayan akademik, su ehtiyatlarının və yeni su mənbələrinin artırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Sonda çıxış edən rektor Ədalət Muradov mövzu ilə bağlı təhlillərin aparılacağını və təkliflər paketinin hazırlanacağını bildirib.

http://news.unec.edu.az/xeber/100-elm/5759-avropa-ittifagi-etraf-muhit-siyaseti-gazlashdirma-ve-global-cenubla-igtisadi-elagelerin-rolu

53 1