“Bilik Əsaslı İqtisadiyyata Keçid: Potensial İmkanlar” forumu

29 NOYABR 2018 | VIEWS:
1174

UNEC-də “Bilik Əsaslı İqtisadiyyata Keçid: Potensial İmkanlar” mövzusunda forum keçirilmişdir. Forum UNEC Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE) və “Yüksək Texnologiyalar Parkı” MMC-nin birgə əməkdaşlığı və “Bank Respublika”nın sponsor dəstəyi ilə təşkil olunmuşdur.

UNEC rektoru, professor Ədalət Muradov açılış nitqi ilə çıxış edərək, bilik əsaslı iqtisadiyyata keçidin əhəmiyyətini qeyd etmişdir. Müasir dövrdə sırf praktikaya əsaslanan kadr hazırlığının o qədər də faydalı olmadığını qeyd edən rektor, nəzəri biliklərlə təcrübənin vəhdətinin zəruriliyini vurğuladı. Rektor UNEC-də tədrisin, kadr hazırlığı prosesinin praktikanın tələblərinin nəzərə alınmaqla həyata keçirildiyini bildirərək, Azərbaycan Dövlət İqtisad Universitetində real sektor ilə geniş əməkdaşlığın qurulduğunu qeyd etdi. Bu qəbildən olan tədbirlər silsiləsindən bilik iqtisadiyyatı konsepsiyasının praktikada tətbiqinə hədəflənmiş cari tədbirin zəruriliyini vurğulayan rektor layihənin qeyd edilən sahədə ilk addım olduğunu bildirdi.

Tədrisin praktika ilə uzlaşdırılmasına xüsusi diqqət edən UNEC II ixtisas qrupu üzrə yeni tədris standartları üzərində çalışır. Hazırda UNEC real sektor ilə birgə yeni tədris proqramı üzərində çalışır. Bu istiqamətdə mütəxəssislərimiz tərəfindən hazırlanmış təkliflər paketinin təkmilləşdirilməsi məqsədi ilə UNEC mərkəzi icra hakimiyyəti orqanları və iri şirkətlərdən sənəd ilə bağlı təkliflər toplayır. “Bəzi hallarda işəgötürənlərin özlərinin müasir tələblərə cavab verməməsi, yeni menecment, idarəçilik modellərinin tətbiq etməməsini nəzərə alaraq, biz kadrları təkcə işəgötürənlər üçün hazırlamamalıyıq”. UNEC məzunları iş yeri axtarmaqdan daha çox, özləri yeni iş yerləri yaratmalıdırlar.

UNEC-in Bilik İqtisadiyyatı Konsepsiyasının hazırlanmasına dair qərar verildiyni bildirən rektor bu istiqamətdə mümkün təkliflər üçün İqtisad Universitetinin hazır olduğunu qeyd etdi.

UNEC-in iş dünyası ilə birlikdə strateji əməkdaşlıq istiqamətlərindən biri “UNEC2B” Platformasıdır. Layihə çərçivəsində tədrisin əmək bazarının tələbələrinə uyğunlaşdırılması, sahibkarlıq universiteti modelinin yaradılması və məzunlarının işlə təmin olunmasında birgə fəaliyyət təmin edilir. UNEC öz məzunlarının ixtisaslı kadr olmasına təminat verərək, onların bilik və bacarıqlarında işəgötürənin aşkar etdiyi mümkün boşluqları öz hesabına, əlavə təlim, hazırlıq vasitəsi ilə həyata keçirməyi öhdəsinə götürür.

Bu qəbildən olan tədbirin keçirilməsindən məmnunluğunu qeyd edən rektor yeni əməkdaşlığa başlanması ilə əlaqədar “Yüksək Texnologiyalar Parkı” MMC-nin və “Bank Respublika”nın rəhbərliyinə minnətdarlığını bildirdi.

Forum çərçivəsində “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru Tural Kərimli cari tədbirdə təmsil etdiyi qurumun həmtəşkilatçı olmasından məmnunluğunu ifadə etdi. Universitet-dövlət-sənaye əməkdaşlığının aktuallığından və mümkün inkişaf perspektivlərindən bəhs edən qonaq Parkın əsas məqsədinin texnologiyalar sahəsində “start up”lara dəstək olduğunu qeyd etdi. T.Kərimli bildirdi ki, ölkə başçısı Azərbaycanın enerji ixrac edən ölkədən texnologiya ixrac edən ölkəyə çevrilməsini bir məqsəd olaraq müəyyən etmişdir. Bu istiqamətdə bir sıra tədbirlərin artıq həyata keçirildiyini bildirən natiq bilik istisadiyyatına keçidin məhz institusional, real və təhsil sektorunun birgə əməkdaşlığı ilə mümkün olacağını qeyd etdi. Dünyada iri şirkətlərin öz laboratoriyalarının fəaliyyətini məhdudlaşdıraraq elmi bazalarını artıq təhsil müəssisələrinə keçirdiyini vurğulayan T.Kərimli texnologiyalar parklarının investisiya məkanından daha çox özəl sektorun aktiv iştirakçısına çevrildiyini bildirdi. Dövlət başçısının sərəncamı ilə ölkədə İnnovasiyalar Agentliyinin yaradılmasının vacib addım olduğunu bildirən T.Kərimli müəssisənin bütün zəruri imkanlara sahib olduğunu qeyd etdi.

Tədbir çərçivəsində “Bank Respublika”nın baş direktoru Elşad Vəliyev çıxış etmiş, tədbirin zəruriliyini vurğulayaraq, iştirakçılara uğurlar arzu etmişdir.

Daha sonra təqdimatlarla davam edən tədbirin ilk panelində “Bilik İqtisadiyyatı İndeksinin kriteriyaları” mövzusu ətrafında UNEC Beynəlxalq iqtisadiyyat (ingilisdilli) kafedrasının müdiri Altay İsmayılov çıxış etdi. Məruzəçi bilik iqtisadiyyatı indeksinin kriteriyaları, bilik iqtisadiyyatı çərçivəsində U-D-S (Universitet-Dövlət-Sənaye) modelinin tətbiqi mexanizmi, innovasiya ekosistemi və texnologiyanın transferi kimi məsələlərə toxundu.

Forum çərçivəsində UNEC Empirik Tədqiqatlar mərkəzinin direktoru Xətai Alıyev çıxış etmiş, bilik iqtisadiyyatı konsepsiyası, bilik indeksi barədə ətraflı məlumat vermişdir.

Forumun ikinci panelində Milli İnnovasiya Sisteminin (MİS) bilik iqtisadiyyatında mövqeyi, İKT-nin inkişaf mərhələləri və bilik iqtisadiyyatına keçid mövzusunda çıxışlar olmuş, MİS-in inkişaf etməkdə olan ölkələrin innovasiya modelinin formalaşmasındakı əhəmiyyətli rolu qeyd olunmuşdur.

Daha sonra bilik iqtisadiyyatında yeni təhsil paradiqmaları: universitetlərin dəyişən rolu istiqamətində və bilik iqtisadiyyatının fomalaşmasının iqtisadi və institusional çərçivəsi mövzusunda çıxışlar olmuş, təhsilin və institusional çərçivənin bilik iqtisadiyyatının formalaşmasındakı mövqeyi müzakirə edilmişdir.

Forumun son hissəsində məruzəçilər və forum iştirakçıları arasında yekun müzakirə təşkil olunmuş və Azərbaycanda bilik iqtisadiyyatının qurulması və inkişaf etdirilməsi ilə bağlı konkret təkliflər təqdim olunmuşdur.

Forumda dövlət və özəl sektordan nümayəndələr iştirak etmişdir.

<a href=”http://news.unec.edu.az/xeber/125-universitet/4482-bilik-esasli-igtisadiyyata-kechid-potensial-imkanlar-forumu”></a>

1175 1