UNEC-də “Davamlı İnkişafın Sosial-İqtisadi Problemləri” mövzusunda 55-ci beynəlxalq konfrans keçirilib

25 İYUN 2020 | OXUNUB:
92

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Sosial və İqtisadi İnkişaf qurumunun (Economic Social Development – ESD) təşkilatçılığı ilə UNEC-in 90 illik yubileyinə həsr olunan “Davamlı İnkişafın Sosial-iqtisadi Problemləri” mövzusunda onlayn formada 55-ci beynəlxalq konfrans keçirilib.

Konfransda təşkilatçılarla yanaşı, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Milli Məclis və digər dövlət qurumlarının rəhbər şəxsləri, AMEA-nın həqiqi və müxbir üzvləri, dünyanın elm və təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

UNEC-in rektoru, professor Ədalət Muradov “COVID-19” pandemiyasının yaratdığı problemlərin dünya iqtisadiyyatının inkişafına mənfi təsirindən danışaraq, rəqəmsal şirkətlərin sürətli inkişafının qaçılmaz olduğunu qeyd edib, rəqəmsal texnologiyaların həyatımızın bütün sahələrini əhatə edəcəyini vurğulayıb. Rektor pandemiyanın ali təhsil sektorunda da köklü dəyişikliklərin əsasını qoyduğunu, baş verən proseslər fonunda distant təhsilin daha adekvat təhsil sistemi kimi özünü təsdiqlədiyini diqqətə çatdırıb.

Təşkilat Komitəsinin Prezidenti Domagoj Cingula beynəlxalq konfransın artıq ikinci dəfədir ki, UNEC-lə birgə keçirildiyini diqqətə çatdıraraq, əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyini bildirib.

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili UNEC-in ölkədə intellektual kapitalın və kadr potensialının inkişafında mühüm rol oynadığını qeyd edib, dünyanın aparıcı universitetləri ilə ikili diplom proqramları çərçivəsində kadr hazırlığını Azərbaycanın dayanıqlığı inkişafına mühüm töhfə adlandırıb. T.Mirkişili iqtisadi qanunvericiliyin möhkəmləndirilməsi istiqamətində rəhbərlik etdiyi komitə ilə UNEC arasında əməkdaşlığın vacibliyini bildirib.

Təhsil nazirinin müavini İdris İsayev konfransın mövzusunun əhəmiyyətini vurğulayaraq, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın hədəflərindən söz açıb. UNEC-in son dövrdəki fəaliyyətində mühüm nailiyyətlərin əldə olunduğu diqqətə çatdırıb.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Azərbaycan dövlətinin yeni çağırışlara çevik cavab verdiyini, pandemiya və postpandemiya dövrü üçün tədbirlər planının qəbul edildiyini bildirib.

Sonra Zagreb Universitetinin professoru Marijan Cingula dünyadakı texnoloji inkişafdan, eləcə də iqtisadi və siyasi proseslərin elm və təhsil sahəsinə təsirindən danışıb. UNEC-in professoru Zahid Məmmədov “Bir kəmər, bir yol”: meqalayihənin həyata keçirilməsində Azərbaycanın iştirakı” mövzusunda çıxış edib.

Mərkəzi Florida Universitetinin professoru Ajayi Richard isə “COVİD -19: Koronavirusun maliyyə bazarlarına təsiri”ndən danışıb.

Konfrans işini bölmələrdə davam etdirib. Qeyd edək ki, beynəlxalq konfransa dünyanın 20-dən çox ölkəsindən 386 elmi məqalə təqdim olunub.

http://news.unec.edu.az/xeber/10106-unec-90/6610-bold-red-unec-de-davamli-inkishafin-sosial-igtisadi-problemleri-movzusunda-55-ci-beynelxalg-konfrans-kechirilib-bold-red

93 1