İqtisadiyyat və idarəetmə ixtisasları üzrə yeni təkliflər hazırlanır

27 APREL 2017 | VIEWS:
2164

Təhsil Nazirliyinin “Ali təhsil pilləsinin hər bir səviyyəsi üçün dövlət standartı və təhsil proqramlarının hazırlanması” ilə bağlı Tədbirlər Planının həyata keçirilməsi məqsədilə İşçi qrupu yaradılıb. UNEC rektoru, professor Ədalət Muradov “İqtisadiyyat və idarəetmə ixtisas qrupu üzrə” İşçi qrupunun sədri təyin edilib.

Aprelin 27-də UNEC-də İşçi qrupunun üzvləri ilə görüş keçirilib. Müzakirələrdə Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik Akademiyası, Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, eləcə də dövlət və özəl qurumların nümayəndələri iştirak edib.

UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, ölkənin ali təhsil müəssisələrində bakalavr təhsil pilləsinin Qərb standartlarına uyğunlaşdırılması ilə bağlı qaydalar hazırlanır. Yeni standartlar tələbə mobilliyinin artırılması, ikili diplomun tanınması, bazar iqtisadiyyatının tələblərinə uyğun ixtisasların yaradılmasını zəruri edir. Rektor bu məqsədlə iqtisadiyyat və idarəetmə ixtisasları üzrə siyahıya yenidən baxıldığını İşçi qrupunun diqqətinə çatdırıb.

İşçi qrupu yeni qaydaların hazırlanması ilə bağlı təkliflərlə çıxış edib. Müzakirələrdə “İqtisadiyyat və idarəetmə”  ixtisasları qrupunda “Dünya iqtisadiyyatı”, “Kommersiya”, “Sənayenin təşkili və idarəolunması” ixtisaslarının “İqtisadiyyat” ixtisası adı altında birləşdirilməsi, beləliklə  ixtisasların sayının 12-dən 9-a endirilməsi təklif olunub. “İqtisadiyyat” ixtisası üzrə fənlərin maksimum dərəcədə eyniləşdirilməsi və bu istiqamətdə qaydaların hazırlanması barədə də razılıq əldə olunub. Bildirilib  ki, yeni qaydalar tələbəyə iki ixtisas üzrə diploma sahib olmaq imkanı verməklə yanaşı, universitetdə əlavə maliyyə mənbəyini də formalaşdırır. O cümlədən ali təhsil müəssisəsinin cəlbediciliyini artırır, tələbələrə daha yaxşı təhsil almaları üçün stimul yaradır. Müzakirələrdə milli kredit sisteminin yaradılması, fənlərin və auditoriyadaxili dərslərin sayının minimuma endirilməsi barədə də təkliflər səsləndirilib.

İşçi qrupunun təklifləri əsasında müvafiq qaydalar hazırlanaraq Təhsil Nazirliyinə təqdim ediləcək.

2165 1