İş dünyasında müstəqil, kreativ düşüncəli gənclərə hər zaman ehtiyac var

03 MAY 2017 | VIEWS:
2664

UNEC-də tanınmış iş adamlarının tələbələrlə görüşü davam edir.

Karyera günlərində Türk iş dünyasının tanınmış nümayəndələri öz təcrübələrini UNEC tələbələri ilə bölüşərək, onlara uğurlu karyera qurmağın sirlərini açıqlayırlar, tövsiyələrini verirlər.

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Cemal Yangın tələbələrə birliyin fəaliyyəti barədə məlumat verib. ATİB-in ölkədə fəaliyyət göstərən xarici iş adamlarının, işgüzar dairələrin maraqlarını təmsil etməsindən, imzaladığı uğurlu layihələrindən danışıb. ATİB sədri gənclərə iş dünyasında qarşıya çıxan çətinliklərdən bəhs edərək, problemlərin həllinin əslində uğura aparan yol olduğunu tələbələrun diqqətinə çatdırıb, tövsiyələrini verib.

“Türkiyə petrolları” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saliha Dündar təmsil etdiyi şirkətin fəaliyyəti, əməkdaşlıq prinsipləri və strategiyası haqqında məlumat verib. Tələbələrlə karyera təcrübəsini bölüşən S.Dündar onlara gələcək iş həyatını, karyera imkanlarını daha düzgün istiqamətə yönəldə bilmələri üçün faydalı məsləhətlər verib. İlk növbədə hansı işi daha yaxşı və effektli görə biləcəklərini müəyyən etməyi tövsiyə edib.

Tələbələrin növbəti görüşü UNEC-in məzunu, “AtaBank” ASC-nin İdarə Heyəti sədrinin müavini Etibar Babaşlı ilə olub. Məzun olduğu universitetin son illərdə əldə etdiyi uğurlarla qürur duyduğunu bildirən E.Babaşlı, tələbələrə UNEC-in verdiyi təhsil imkanlarından maksimum yararlanmağı məsləhət görüb. UNEC məzunu uğurlu bank işçisi olmağın yollarını və inkişaf prinsiplərini tələbələrlə paylaşıb.

Bank sektorunda nüfuzlu iş adamlarından sayılan “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyəti sədri Avni Demirci tələbələrə karyeraları ilə bağlı xəyallarını gercəkləşdirmək üçün zaman bölgüsündən düzgün istifadə etməyi məsləhət görüb. İş dünyasında müstəqil, kreativ düşüncəli gənclərə hər zaman ehtiyac olduğunu olnarın diqqətinə çatdırıb.

2665 2