Klaus Şvabın “Dördüncü Sənaye İnqilabı” – Azərbaycan dilində

11 MAY 2020 | OXUNUB:
79

Məlum olduğu kimi, Dünya İqtisadi Forumunun Davosda keçirilən sonuncu zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Forumun Prezidenti Borge Brende arasında Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılması haqqında Niyyət Protokolu imzalanmışdır.

Bu baxımdan xüsusi əhəmiyyətini nəzərə alaraq, Dünya İqtisadi Forumunun Qurucusu və İcraçı Sədri professor Klaus Şvabın “Dördüncü Sənaye İnqilabı” adlı məşhur əsəri UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) alimləri tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib.

Klaus Şvabın bu əsəri süni intellekt, robotlar, əşyaların interneti, avtonom maşınlar, üçölçülü printerlər, nanotexnologiya, biotexnologiya, kvant hesablamaları kimi yeni texnoloji sıçrayışlara əsaslanan dördüncü sənaye inqilabının nə olduğu, hansı yenilikləri gətirəcəyi, necə təsir göstərəcəyi və onu ümumi faydalara çevirmək üçün nələr edilə biləcəyi haqqındadır. Müəllif, əsərini gələcəyə maraq göstərənlər, dünyanı daha yaxşı bir vəziyyətə gətirmək naminə özlərini bu inqilabi dəyişikliyin yaratdığı fürsətlərdən istifadəyə həsr etmiş insanlar üçün yazdığını qeyd edir. Bu baxımdan, əsərdə yeni texnoloji inqilabın əsas xüsusiyyətləri təsvir edilir, yaratdığı imkanlar və dilemmalar vurğulanır və ən əhəmiyyətlisi, dördüncü sənaye inqilabının insanlığın nəzarətində baş verməsinin yolları araşdırılır.

Müvafiq sahə üzrə ilk fundamental əsər hesab edilən “Dördüncü Sənaye İnqilabı” kitabının Azərbaycan dilində nəşrinin ön sözü Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov tərəfindən yazılıb. Ön sözündə M.Cabbarov dördüncü sənaye inqilabını təcəssüm etdirən əsas innovasiyalar haqqında geniş məlumat verdiyini vurğulamaqla, bu əsərin Azərbaycan dilində oxuculara təqdim edilməsini ölkədə müasir iqtisadi təfəkkürün formalaşması prosesinə verilən mühüm töhfə kimi qiymətləndirib.

İngilis dilində yazılmış əsər, indiyə qədər 15-dən çox dildə, o cümlədən də çin, alman, fransız, ispan, portuqal, italyan, rus, türk və ərəb dillərində nəşr edilib. Kitabın Azərbaycan dilində nəşri Dünya İqtisadi Forumu ilə UNEC arasında imzalanmış müvafiq müqavilə əsasında həyata keçirilib. Müqaviləyə əsasən, əsərin Azərbaycan dilinə tərcüməsi və nəşri üzrə müstəsna hüquqlar Dünya İqtisadi Forumu tərəfindən UNEC-ə verilib. Kitab UNEC tərəfindən sosial məsuliyyətlilik prinsipi əsasında 1000 ədəd tirajla nəşr edilib və onun müvafiq qurumlara, o cümlədən universitetlərə, kitabxanalara və tədqiqat mərkəzlərinə paylanılması nəzərdə tutulub.

“Dördüncü Sənaye İnqilabı” kitabının Azərbaycan dilində nəşrinin elmi redaktoru UNEC rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradovdur. Əsərin Azərbaycan dilinə tərcüməsi iqtisad üzrə fəlsəfə doktoru, dosent Elşən Bağırzadə (UNEC) və tədqiqatçı Təhmasib Əlizadə (UNEC) tərəfindən həyata keçirilib.

http://news.unec.edu.az/xeber/100-elm/6411-bold-red-klaus-shvabin-dorduncu-senaye-ingilabi-azerbaycan-dilinde-bold-red

80 1