UNEC-də “Məzun 2015” yarmarkası keçirilib

28 NOYABR 2015 | VIEWS:
4615

Noyabrın 28-də məzunların işlə təmin olunmasına kömək məqsədilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Məzun-2015” əmək yarmarkası keçirilib.  UNEC-in 85 illik tədbirlər planı çərçivəsində keçirilən yarmarkada 50-dən çox dövlət qurumu, şirkət və banklar tərəfindən çoxsaylı vakant iş yerləri təqdim edilib.

Əmək yarmarkasında UNEC də daxil olmaqla, Azərbaycanın 40-dan yuxarı ali  və orta ixtisas təhsili müəssisəsindən, o cümlədən dünyanın  (ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya və s.) 16 ali məktəbindən 2500-ə yaxın məzun işturak edib.

Təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli və UNEC-in rektoru, professor Ədalət Muradov yarmarkaya baxış keçiriblər. Dövlət və özəl qurumların nümayəndələri, işəgötürənlər rektor və qonaqlara vakant iş yerləri haqda məlumat veriblər.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında kadr potensialının gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. UNEC-in rektoru Ə.Muradov bildirib ki, məzunların işlə təmin olunması universitetlərin reytinqinə bilavasitə təsir etdiyindən bu məsələ UNEC-in prioritet istiqamətlərindən biri hesab olunur. İnanıram ki, universitetimizdən məzun olan hər bir gənc özünə layiqli iş tapa biləcək.

“Məzun-2015” yarmarkasında gənclərə 800-dən çox vakant iş yerləri təklif olunub. Yarmarkada məzunların dövlət və biznes strukturlarının nümayəndələri ilə görüşləri təşkil edilib. Onlara müxtəlif ixtisaslar üzrə staj keçmə, təqaüd və təcrübə proqramları da təqdim edilib.

Yarmarkanın sonunda müraciət edən bütün məzunların CV-ləri dövlət qurumlarına və özəl şirkətlərə təqdim edilib.

4616 1