Rusiyalı rektor: “UNEC-in Rus İqtisad Məktəbi elm və təhsil sahəsində inteqrasiyaya böyük təkan verəcək”

07 DEKABR 2017 | OXUNUB:
566

IMG_1012UNEC-in nümayəndə heyəti Rusiya Federasiyasının Ural Dövlət İqtisad Universitetinin yaranmasının 50 illik yubileyində iştirak edib.

Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov və “İqtisadiyyat” kafedrasının müdiri, professor Müslüm İbrahimovun qatıldığı yubiley tədbirində Rusiyanın nüfuzlu təhsil, elm, iqtisadiyyat və siyasi dairələrin nümayəndələri, o cümlədən dünyanın müxtəlif ali təhsil müəssisələrindən qonaqlar iştirak edib.

Tədbirdə UNEC-in nümayəndə heyəti rektor, professor Ədalət Muradovun təbrik məktubunu səsləndirib.

Ural Dövlət İqtisad Universitetinin rektoru, professor Yakov Petroviç UNEC-də Rus İqtisad Məktəbinin yaradılmasını yüksək qiymətləndirib: “UNEC-in Rus İqtisad Məktəbinin fəaliyyəti hər iki ölkə alimlərinin bilik mübadiləsinə, o cümlədən elm və təhsil sahəsində inteqrasiya proseslərinin güclənməsinə böyük təkan verəcək”. UNEC-lə əməkdaşlıqda maraqlı olduğunu bildirən rektor, RİM-in fəaliyyətinin bu imkanları daha da artırdığını vurğulayıb.

Səfər çərçivəsində Ural Dövlət İqtisad Universitetinin struktur rəhbərləri ilə görüşlər keçirilib, hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib.

UNEC-in nümayəndə heyəti Yekaterinburq vilayətinin Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski ilə də görüşüb. Diaspora rəhbəri Yekaterinburq vilayətində yaşayan azərbaycanlı gənclərin UNEC-də təhsil almaqda maraqlı olduqlarını bildirib.

567 6