UNEC-də distant imtahanlarda proktorinq sistemi tətbiq olunacaq

01 İYUN 2020 | OXUNUB:
76

UNEC-də Elmi Şuranın növbəti onlayn iclası keçirilib.

Elmi Şurada Tədris və təlim texnologiyaları üzrə prorektor, dosent Anar Rzayev 2019/2020-ci tədris ili üçün yaz imtahan sessiyasına hazırlığın vəziyyəti barədə hesabatla çıxış edib. Bildirib ki, martın 12-dən UNEC-də hər gün 900-dən çox olmaqla, ümumilikdə 22.993 distant dərs tədris olunub, dərslərin təşkili 99% yerinə yetirilib. Hesabatda imtahanların keçirilməsi qaydaları, sessiyaya texniki hazırlıq, eləcə də testlərin və imtahan cədvəllərinin hazırlığı vəziyyəti barədə məlumat verilib. UNEC-də təşkil olunacaq distant imtahanlarda ölkədə ilk dəfə olaraq proktorinq sisteminin tətbiq ediləcəyini diqqətə çatdıran prorektor, imtahan sessiyasına nəzarət edəcək proktor və subadminlərə müvafiq təlimlərin keçirildiyini deyib. Bildirilib ki, distant dərslərin keçirildiyi 23000 video tələbələrin şəxsi kabinetlərinə göndərilib. Tələbələr dərsləri yenidən dinləyərək, imtahanlara daha yaxşı hazırlaşa biləcəklər.

SABAH Mərkəzinin rəhbəri Aida Quliyeva mərkəzdə distant dərslərin Təhsil Nazirliyinin təsdiq etdiyi proqrama əsasən keçirildiyini bildirib. Yaz imtahan sessiyasının isə UNEC-də tətbiq olunan distant imtahanların təşkili qaydalarına əsasən aparılacağını vurğulayıb.

DQƏTM-nin direktoru Səbuhi Tanrıverdiyev qiyabi təhsil şöbəsində Yaz imtahan sessiyasının 1 iyun-23 iyun tarxilərində təşkil ediləcəyini, tədris vəsaitlərinin müəllimlərin şəxsi kabinetlərinə yükləndiyini bildirib.

S.Tanrıverdiyev Yay semestrinin təşkilindən də danışıb. Yeni qaydalara əsasən distant formada təşkil ediləcək Yay semestri üzrə mühazirə-məşğələ sessiyasının 20 iyul-23 avqust, imtahan sessiyasının isə 24 avqust-28 avqust tarixlərində keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Qeyd edilib ki, digər universitetlərin tələbələri də təhsil aldıqları universitetlərdən müvafiq arayış təqdim etməklə, UNEC-in Yay məktəbinə qoşula biləcəklər.

UNEC-in Zaqatala filialının direktoru, professor Orucəli Rzayev filialda distant dərslərin 99% təşkil olunduğu, imtahan testlərinin hazırlanaraq, elektron sistemə yükləndiyi bildirib.

UNEC nəzdində Maliyyə İqtisad kolecinin direktoru, dosent Oruc Məmmədov kolecdə distant dərslərin 100% təşkil olunduğunu, dərslərə davamiyyətin isə 50%-dən yüksək olduğu bildirilib. Şurada kolecdə imtahanların distant formada təşkili ilə bağlı təkliflər səsləndirilib.

İmtahan Mərkəzinin direktoru, dosent Söhrab İsayev Yaz imtahan sessiyasının təşkili qaydaları barədə qısa məlumat verib. Sonra imtahan sessiyasında tələbələrə əlavə güzəştlərin olunması ilə bağlı yeni təkliflər səsləndirilib. Təkliflər Şura üzvləri tərəfindən qəbul olunub.

Yeni güzəştlərə əsasən, normativ təhsil müddətindən artıq müddətdə təhsil alan tələbələrə (əvvəlki tədris ilindən qalmış akademik borclara görə) iki əlavə fəndən imtahan vermək hüququ tanınacaq. ÜOMG ilə razılaşmayan tələbələr nəticələrini yüksəltmək üçün ərizə ilə müraciət edərək imtahanlarda iştirak edəcəklər. Magistrlərdə dissertasiya işləri yüngülləşdirmə hədləri nəzərə alınaraq plagiatdan keçiriləcək.

Tələbələrin çoxsaylı müraciətləri nəzərə alınaraq, əvvəlki dövrlərdə də qazanılmış ACCA sertifikatı yaz imtahan sessiyası zamanı müvafiq imtahanlarda qəbul ediləcək.

Coursera of Campus kurslarında 5415 sertifikat qazanan 1761 tələbə müvafiq fənlərin imtahanlarlndan azad olunacaq. Sertifikatlardakı mənimsəmə faizi həmin fənn üzrə tələbənin yekun qiyməti kimi qəbul ediləcək.

Buraxılış kurslarının tələbələrinin təkrar imtahanlarının verilmə müddətinin önə çəkilməsi barədə tapşırıq verilib.

Əyani təhsil alan tələbələrdə test suallarının sayı 700-dən 350-yə, qiyabidə isə 500-dən 300-ə qədər endirilib. Testlər imtahana bir həftə qalmış tələbələrin şəxsi kabinetlərinə göndəriləcək.

Daha bir güzəşt isə təcrübə ballarının verilməsi ilə bağlı olub. Belə ki, istisnasız olaraq buraxılış kurslarının bütün tələbələrinin təcrübəsi 100 balla qiymətləndiriləcək.

Təqaüd uğrunda rəqabəti nəzərə alaraq, ÜOMG vergüldən sonra 4 rəqəmə qədər olan nəticəyə əsasən hesablanacaq.

Şurada Beynəlxalq Magistratura və Doktoranturada təhsil alan magistrlərin müdafiəsinin distant təşkili barədə təklif qəbul edilib, magistrlərə də Yaz imtahan sessiyasında əlavə güzəştlər olunub. Belə ki, magistrlərin böyük əksəriyyətinin əmək fəaliyyəti ilə məşğul olmasını nəzərə alaraq, imtahan cədvəlləri onların iş rejiminə uyğunlaşdırılacaq və həftənin şənbə günü də imtahanlar təşkil olunacaq.

Magistrlərin “II. İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransı”nda qəbul edilmiş xülasələri elmi məqalə kimi qəbul ediləcək.  Eləcə də pandemiya dövrünə düşən hesabatı təqdim etməmiş magistrlərin minimum qiymətləndirmə ilə müdafiəyə buraxılmasına icazə veriləcək.

Tələbələrin sosial durumu nəzərə alınaraq, təhsil haqqını ödəyə bilməyən tələbələr (buraxılış kursu istisna olmaqla) ərizə ilə müraciət etdikdə onlara möhlət hüququ veriləcək.

Kompüter problemi olan tələbələrin imtahanları ənənəvi qaydada universitetdə avqust-sentyabr aylarında təşkil olunsun.

İnternet problemi olan tələbələrin isə aylıq 5GB həcmində internet xərci universitet tərəfindən tələbələrin smart kartlarına ödəniləcək.

Şurada UNEC-in mübadilə və ikili diplom proqramlarında iştirak edən tələbələrin mövcud durumu da müzakirə olunub. Onların ölkəyə gətirilməsi istiqamətində müvafiq qurumlarla danışıqların aparıldığı bildirilib. Mübadilədə və ikili diplom proqramında iştirak edən tələbələrə kurslarını vaxtında bitirmələri üçün UNEC-də təşkil olunan distant imtahanlarında iştirak etmək hüququ veriləcək.

Çıxışlardan sonra cari məsələlər müzakirə olunub.

19 iyun tarixində UNEC-in 90 yaşının tamam olması münasibətilə həmin tarixin “UNEC Günü” kimi qeyd olunması qərara alınıb.

Elmi Şurada Tələbə şöbəsinin ləğv edilərək, Tələbə İşləri Mərkəzi yaradılması, eləcə də UNEC Könüllüləri Tələbə Təşkilatı, Əcnəbi Tələbələrin Cross Culture Təşkilatı və UNEC Mentorluq Xidmətinin yararılması barədə qərar qəbul edilib.

UNEC-in müəllim, əməkdaş və tələbələrinin rəqəmsal vərdişlərinin daha da artırılması məqsədilə distant təhsil verən dünya universitetlərinin təcrübəsinə əsaslanan və tələbələrdən ibarət olan Rəqəmsal Könüllülər Təşkilatı yaradılıb.

Şuranın qərarı ilə Nobel mükafatçılarının, eləcə də nüfuzlu xarici mütəxəssislərin təmsil olunacağı UNEC Beynəlxalq Ekspertlər Şurası və distant təhsilə keçidlə bağlı ciddi araşdırmaların aparılması məqsədilə Distant Təhsil Tədqiqat İnstitutu yaradılıb.

 “Rus dili” kafedrası ləğv edilərək, “Xarici dillər” kafedrasına birləşdirilib. Bir sıra ixtisasların bağlanması nəzərə alınaraq, “Müəssisənin iqtisadiyyatı” kafedrası da ləğv edilib.

Şurada Texnologiya və Dizayn, eləcə də Ekspertiza və Standartlaşdırma fakültələrinin ləğv edilərək, Rəqəmsal İqtisadiyyat Fakültəsi və Mühəndislik Fakültəsinin yaradılması barədə qərar qəbul edilib.

http://news.unec.edu.az/xeber/125-universitet/6506-bold-red-unec-de-distant-imtahanlarda-proktoring-sistemi-tetbig-olunacag-bold-red

77 3