UNEC-də “Müəllim – güc mənbəyidir” devizi altında layihələrə start verilib

21 DEKABR 2016 | OXUNUB:
789

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Müəllim – güc mənbəyidir” devizi altında elmi, sosial və mədəni layihələrə start verilib. Məqsəd UNEC-in professor-müəllim heyətinin həm tədris, həm də ictimai-sosial sahədə aktivliyinin artırılması, müəllim peşəsinin aliliyinin təbliği, tələbələrlə müəllimlər arasında səmimi əlaqələrin yaradılmasıdır.

Bu çərçivədə “Universitetlərdə təhsilin keyfiyyətini dəstəkləyən innovasiyalar” adlı universitet müəllimlərinin zirvə toplantısı keçiriləcək. Zirvə toplantısında universitet müəllimləri mövcud vəziyyətin təhlili və müasir inkişaf modelləri üzərində fokuslanacaqlar. Ali təhsil müəssisələrində çalışan qocaman və gənc müəllimlərin qarşılaşdıqları vəziyyət təhlil ediləcək, auditoriyada tələbə ilə çalışmaq metodları təklif ediləcəkdir. Natiqlik, psxiloji dayanıqlılıq, interaktiv tədris, vaxtın idarəedilməsi və digər mövzular incələnəcək, hər sahə üzrə ayrıca panellər təşkil ediləcək.

“İqtisadçı müəllimlərin mübadilə proqramı” layihəsi isə region universitetləri ilə yanaşı, digər universitetlərin də müəllimlərini bir platformada toplaya biləcək. Layihədə iştirak könüllüdür.

Bu tədris ilində həmçinin UNEC-in qocaman professor və müəllimlərinin bir günlük həyatını əks etdirən “Müəllimin bir günü” adlı qısa filmlər hazırlanacaq. Eyni zamanda, universitetdə müəllim peşəsinə həsr edilən yerli və əcnəbi filmlər nümayiş olunacaq. “Müəllim – güc mənbəyidir” devizi altında həyata keçirilən layihələr çərçivəsində UNEC-də tədris prosesi ictimaiyyətə açıq elan edilərək, sosial şəbəkələr (Youtube və Facebook) vasitəsilə canlı yayımlanacaq.

2016/17-ci tədris ilində “Müəllim – güc mənbəyidir” devizi altında həm də “UNEC müəllimlərinin xatirə meşəsi” layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində UNEC müəllimləri əvvəlcədən ayrılmış ərazidə ağac əkəcəklər.

UNEC-in professor-müəllim heyəti haqqında mütəmadi informasiyaların paylaşılması üçün Facebook sosial şəbəkəsində “Teachers of UNEC” adlı rəsmi səhifə fəaliyyətə başlayacaq. UNEC müəllimlərinin “Müəllim – güc mənbəyidir” devizi altında orta məktəblərə, həmçinin UNEC-in nəzdində 2 nömrəli Texniki Humanitar liseyə səfərləri də həyata keçiriləcək. Onlar ayda iki dəfə olmaqla şagirdləri iqtisadiyyat elmi ilə tanış edəcək, UNEC haqqında məlumat verəcəklər.

UNEC müəllimlərinin tədris zamanı iş mühitindən real informasiya çatdırması, praktiki bilikləri paylaşması üçün iş adamları ilə görüşləri də təşkil ediləcək. Ayda bir dəfə keçiriləcək görüşlərdə müəllimlər sənaye sahəsində olacaq, iş adamları ilə fikir mübadiləsi aparacaqlar.

Müəllimlərlə tələbələr arasında sağlam mühitin, səmimi dostluğun yaranması məqsədi ilə mütəmadi “Mənim müəllimim” adlı qeyri-rəsmi müzakirələr keçiriləcək, hər ay “Sağlam müəllim, sağlam tələbə” adlı futbol, voleybol, stolüstü tennis, şahmat və badminton yarışları təşkil ediləcək.

“Müəllim – güc mənbəyidir” devizi altında keçirilən layihələrdən biri də TEDxUNEC beynəlxalq konfransı olacaq.

790 1